Naxçıvanın ombudsmanı hesabat verdi

Naxçıvanın ombudsmanı hesabat verdi
  28 İyul 2020    Oxunub:3220
2020-ci ilin birinci yarısında muxtar respublikada insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb .
İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bunu Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən yığıncaqda Ombudsman Ülkər Bayramova deyib.

Ombudsman bildirib ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində qurub.

Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında araşdırılıb.

Hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 20 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 31 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 484 nəfər iştirak edib.

Ülkər Bayramova vurğulayıb ki, 2020-ci ilin birinci yarısında kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilib. Müvəkkil təsisatı ilə muxtar respublikanın kütləvi informasiya vasitələri arasında mövcud əlaqələr davamlı təkmilləşdirilib.

Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.

Sonra yığıncaqda məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Babək Hacıyev, Asiman Abbasov və Vahidə Bayramova görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.

Azvision.az


Teqlər: Naxçıvan   Ombudsman  





Xəbər lenti