“Orxan Camalın qatilləri hələ tapılmayıb” - Səfir

“Orxan Camalın qatilləri hələ tapılmayıb” -  Səfir
  29 İyul 2020    Oxunub:5253
Mərkəzi Afrika Respublikasında (MAR) Azərbaycan əsilli jurnalist Orxan Camal da daxil olmaqla üç rusiyalı jurnalistin qatilləri hələ tapılmayıb.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın MAR-dakı səfiri Vladimir Titorenko deyib. Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaları davam etdirir.
"Bu iş aparılır. İstintaqın gedişatını şərh edə bilmərəm. Yalnız bir məlumat verə bilərəm ki, qatillər hələ tapılmayıb. Yerli hüquq-mühafizə orqanları tərəfindən istintaq davam edir", - deyə səfir bildirib.

Xatırladaq ki, 2018-ci ilin yayında Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün bu ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim-məşq düşərgəsinə buraxmayıblar.
Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları olmayıb.

Onlar Sibut şəhərindən 20-25 km məsafədə silahlı şəxslərin hücumuna məruz qalaraq qətlə yetiriliblər.

Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti