AQTA-dan ictimai iaşə müəssisələrinə xəbərdarlıq
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, pandemiya dövründə ictimai iaşə müəssisələri Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu iki dəfə azaldılmalı və müvafiq olaraq adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. Qeyd edək ki, bu günədək 1366 ictimai iaşə müəssisəsinin qarşısında bu cür lövhələrin quraşdırılması təmin olunub.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə əlaqədar zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.
Azvision.az
Teqlər: AQTA