ABŞ-la Azərbaycan arasında onlayn konfrans keçirilib

ABŞ-la Azərbaycan arasında onlayn konfrans keçirilib
  03 Avqust 2020    Oxunub:5746
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ ilə Azərbaycan arasında hava daşımaları və post-pandemiya dövründə qlobal hava yükdaşımalarına dair proqnozlar mövzusunda onlayn konfrans keçirilib.
Azvision.az xəbər verir ki, konfransın əsas natiqləri “Silk Way West Airlines” şirkətinin vitse-prezidenti Vüqar Məmmədov və “Boeing” şirkətinin hava daşıyıcıları bazarlarının araşdırılması üzrə regional direktoru Tomas Krəbtri olub. Qeyd edək ki, T.Krəbtri, eyni zamanda “Boeing” şirkətinin Dünya Hava Daşımaları Proqnozları hesabatının müəllifidir.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovun moderatorluğu ilə reallaşan konfransa ABŞ, Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində yerləşən Amerika və Azərbaycan şirkətlərinin nümayəndələri qatılıb.

“Silk Way West Airlines” şirkətinin iki ölkə arasında ticarətin təşviqində rolu barədə ilk suala cavabında Vüqar Məmmədov təmsil etdiyi şirkətin 2016-cı ildə ABŞ-a cəmi bir uçuşla başladığını bildirib. O, qısa zamanda uçuşlarının sayının artırılmasına ehtiyacın yarandığını söyləyib və şirkətin təyyarələrinin həmin ildən Çikaqo şəhərinə də uçuşlar həyata keçirdiyini qeyd edib. Hazırda Çikaqoya həftədə üç uçuş həyata keçirilir. Şirkət rəsmisi, bundan əlavə, “Silk Way West Airlines” təyyarələrinin Nyu-York, Çikaqo, Mayami və Vaşinqton şəhərlərinə qarışıq uçuşlar həyata keçirdiyini bildirib.

Hazırkı qlobal pandemiyanın uçuşlara təsiri məsələsinə toxunan Vüqar Məmmədov sırf pandemiya ilə mübarizə məqsədilə “Silk Way West Airlines” şirkətinin dünyanın yüzdən artıq məntəqəsinə, o cümlədən ABŞ-a zəruri tibbi ləvazimatlar çatdırdığını vurğulayıb.

V.Məmmədov, eyni zamanda, təmsil etdiyi şirkətin ABŞ hökuməti ilə uğurlu əməkdaşlığı məsələlərinə toxunub, bu xüsusda, şirkətin ABŞ-ın Nəqliyyat Komandalığı ilə Əfqanıstanda əməkdaşlığı barədə məlumat verib.

“Boeing” şirkətinin nümayəndəsi Tom Krəbtri təqdimatının əvvəlində “Silk Way Airlines” şirkətinin 19 illik fəaliyyəti dövründə çox sürətlə inkişaf etdiyini bildirib və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına istinad edərək şirkətin hazırda dünyanın ən yaxşı 30 hava yük daşıyıcıları sırasında olduğunu vurğulayıb. O, şirkətin Avrasiya bazarlarında aparıcı olduğunu qeyd edib.

T.Krəbtri hava yükdaşımalarının həcm baxımından dünyadakı yükdaşımaların 1 faizini, lakin dəyər baxımından 35 faizdən çox hissəsini təşkil etdiyini bildirib. Bu sahənin son 40 ildə illik 5 faizlik artımla inkişaf etdiyini bildirən “Boeing” rəsmisi, qlobal pandemiyanın hava daşımalarına ciddi təsir etdiyini qeyd edib. Bu təsir xüsusilə, mart və aprel aylarında daha çox hiss edilib. Onun sözlərinə görə, növbəti il hava yükdaşımalarında bərpa ili ola bilər.

Qeyd edək ki, hər iki şirkət ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləridir.

Webex platforması üzərindən aparılan müzakirələr, eyni zamanda, ABŞ-Azərbaycan Ticarət Palatasının “Facebook” səhifəsi üzərindən də canlı olaraq yayımlanıb.

Azvision.az


Teqlər: ABŞ-Azərbaycan   Dialoq  





Xəbər lenti