Tramp Boston terrorçusunun edamını tələb edir

Tramp Boston terrorçusunun edamını tələb edir
  03 Avqust 2020    Oxunub:3440
ABŞ Prezidenti Donald Tramp Apellyasiya Məhkəməsinin terror aktında təqsirli bilinən Cohar Tsarnaevə qarşı edam hökmünün ləğvi barədə qərarı ilə razılaşmır.
Azvision.az -ın məlumatına görə, Tramp bəyan edib ki, federal hökumət Boston marafonu zamanı terror aktının təşkilində ittiham olunan Cohar Tsarnaev barədə ölüm hökmünün çıxarılmasına nail olmalıdır.

"Nadir hallarda Boston terrorçusu Tsarnaevdən daha çox edam cəzasına layiq olanlar olub. Məhkəmə bunun 11 sentyabr tarixindən bəri baş verən ən pis daxili terror hücumlarından biri olduğunu qəbul etdi", - deyə Tramp "Twitter”də yazıb.

Boston Apellyasiya Məhkəməsi Tsarnaev barədə avqustun 1-də ölüm hökmü qərarını ləğv edib.

Apellyasiya Məhkəməsi onun işinə təxminən 4 il ərzində baxıb. Ölüm hökmünün qüvvədə saxlanılması və ya ömürlük həbs cəzası ilə əvəz olunması barədə qərar qəbul etmək üçün iş yeni tərkibli kollegiyaya göndərilib.

Xatırladaq ki, 2013-cü ilin aprel ayında Tsarnaev qardaşı ilə birlikdə Boston marafonu zamanı iki partlayıcı qurğunu işə salıb. Nəticədə üç nəfər ölüb, 260-dan çox insan yaralanıb. 2015-ci ilin mayında məhkəmə 22 yaşlı Tsarnaevi ölüm hökmünə məhkum edib.

İyunun sonunda hökm elan olunarkən müttəhim günahını etiraf edib və terror aktı qurbanlarının yaxınlarından üzr istəyib. Məhkəmə, həmçinin terror qurbanlarının yaxınlarına və zərərçəkənlərə 101 milyon dollar təzminat ödəmək barədə qərar çıxarıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boston   Tramp  





Xəbər lenti