Bu şəxslərə 250 manat veriləcək - QƏRAR
Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərərçəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlətimizin başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.
Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergiödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqustun 10-dək qəbul ediləcək.
Pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.
Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini avqustun 6-da saat 18:00-dək “[email protected]” elektron ünvanına göndərmələri xahiş olunur.
Azvision.az
Teqlər: Maliyyə İqtisadiyyat Yardım