Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası
- Qiymətləndirilmə və tanınma Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən bu Qaydaya əsasən həyata keçirilir.
- Qiymətləndirilmə və tanınmanın həyata keçirilməsi ödənişlidir. Bu Qaydaya uyğun olaraq Apelyasiya Komissiyasının qərarı ilə keçirilən təkrar qiymətləndirilmədə iştirak ödənişsizdir.
- Qiymətləndirilmə və tanınma həyata keçirilən bilik, bacarıq, səriştə və təcrübə üzrə ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na uyğun müəyyən edilir və bu barədə məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
Qiymətləndirilmə və tanınmanın mərhələləri
- Qiymətləndirilmə və tanınma aşağıdakı mərhələlərdən ibarətdir:
- müraciət edən şəxslərin qeydiyyatı;
- qiymətləndirilmə və tanınma ilə bağlı sənədlərin qəbulu və ilkin baxışın aparılması;
- bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi;
- peşə ixtisasını təsdiq edən sənədin verilməsi.
Ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün Agentliyə müraciət edə bilərlər.
- Qiymətləndirilmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir. Bu məqsədlə ərizəçi Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Qiymətləndirilmə və Tanınma” altsistemində elektron ödəmə sistemi vasitəsilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş edir və elektron ərizəni doldurur. Ərizəçi sənədlərin qəbulu, imtahanların təşkili qaydaları, imtahan proqramı haqqında məlumatları altsistem vasitəsilə əldə edə bilər.
- Qeydiyyatdan keçmiş hər bir ərizəçi üçün “Şəxsi kabinet” yaradılır və ərizədə göstərilən əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qiymətləndirilmə və tanınma ilə bağlı məlumatları (ərizənin cari statusu, qiymətləndirilmə və tanınmanın keçirilmə vaxtı, yeri və nəticəsi) “Şəxsi kabinet” vasitəsilə əldə edir.
Bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Qiymətləndirmə Komissiyası tərəfindən təşkil edilir.
- Komissiyanın tərkibi sədr də daxil olmaqla 3 (üç) üzvdən - Agentliyin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və işəgötürənlərin nümayəndələrindən ibarət olmaqla, Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. Agentliyin nümayəndəsi Komissiyanın sədri təyin olunur.
- Komissiyanın bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinə sahə üzrə müvafiq təhsilə malik və ixtisas üzrə ən azı 5 (beş) il iş təcrübəsi olan mütəxəssislər sırasından müstəqil ekspertlər cəlb etmək hüququ vardır.
- Qiymətləndirilmə eyni vaxtda bir neçə modul üzrə aparıla bilər. Bununla bağlı qərar bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan ilkin baxışın nəticələrindən asılı olaraq Komissiya tərəfindən 6 qəbul edilir və bu barədə məlumat əvvəlcədən ərizəçiyə onun “Şəxsi kabinet”inə göndərilməklə bildirilir.
- Komissiya onun bütün üzvləri iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
- Qiymətləndirilmə 30 (otuz) gündən çox olmayan müddətdə keçirilir.
- Biliklərin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imtahanı keçirilir.
-Test imtahanı kompüter vasitəsilə keçirilir. Müvafiq inzibati ərazi vahidinin infrastruktur təminatı test imtahanının kompüter vasitəsilə keçirilməsini mümkünsüz etdikdə, imtahan kağız daşıyıcılar vasitəsilə keçirilə bilər.
- Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
- Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunur və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılır.
- Sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır və bu barədə onun “Şəxsi kabinet”inə müvafiq məlumat göndərilir.
- Biliklərin qiymətləndirilməsinin nəticələri elan olunduğu tarixdən etibarən 3 (üç) il müddətində qüvvədədir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi müvafiq ixtisaslar üzrə təhsil proqramları (kurikulumlar) ilə müəyyən edilmiş modullar üzrə təlim nəticələrinin qiymətləndirilməsi meyarlarına (fikrin düzgün ifadə olunması, mövzunun əhatə edilməsi, ardıcıllığın düzgün qurulması, fiziki (əl) qabiliyyət və müvafiq metod, material, alət, vasitə və avadanlıqlardan istifadə bacarığı) uyğun həyata keçirilir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Komissiya tərəfindən tapşırıqvermə üsulu ilə həyata keçirilir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Agentlik tərəfindən müəyyən edilən və zəruri avadanlıqla, əyani və metodik vasitələrlə təmin edilmiş peşə təhsili müəssisələrinin təlim-istehsalat və təsərrüfat sahələrində, eləcə də işəgötürənlərin istehsalat bazasında keçirilir. İşəgötürənlərdə praktiki bacarıqların nümayiş olunacağı emalatxana və ya istehsal sahələrinə qoyulan tələb və standartlar Agentlik tərəfindən müəyyənləşdirilir, uyğunluğu təmin olunan müəssisə və təşkilatların siyahısı tərtib edilir. Bu barədə 7 məlumat əvvəlcədən ərizəçiyə onun “Şəxsi kabinet”inə göndərilməklə bildirilir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” alır.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi zamanı ərizəçinin razılığı ilə videoçəkilişdən istifadə oluna bilər. Agentlik ərizəçinin imtahan sənədlərinin (o cümlədən imtahan qeydlərinin və videoçəkilişlərin) 5 (beş) il müddətində mühafizəsini təmin edir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin nəticələri haqqında məlumat 5 (beş) iş günü müddətində ərizəçinin “Şəxsi kabinet”inə göndərilir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində “qeyri-məqbul” nəticə göstərən ərizəçi istəyindən asılı olaraq, müvafiq peşə təhsili müəssisələrində təlim prosesinə yönəldilir.
- Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində qeyri-məqbul nəticə göstərən ərizəçi eyni modul üzrə qiymətləndirilmə üçün Agentliyə 6 (altı) aydan sonra təkrar müraciət edə bilər.
Qiymətləndirilmənin nəticəsi məqbul olan şəxsə 5 (beş) iş günü müddətində peşə təhsili üzrə aşağıdakı sənədlər verilir:
- müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) ayrıca hissəsi olan modul təlimi üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş ərizəçiyə - sertifikat;
- müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) bütün modulları üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş və sertifikatlar almış ərizəçiyə - diplom.
- Ərizəçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti