Erməni lobbisi Los Ancelesdəki sərgiyə mane ola bilmədi - FOTO

Erməni lobbisi Los Ancelesdəki sərgiyə mane ola bilmədi - FOTO
  23 Yanvar 2014    Oxunub:1787
Erməni lobbisi Azərbaycanın Los Ancelesdəki sərgidə iştirakına mane ola bilməyib.
Azərbaycan "Los Angeles Times" Turizm Sərgisində təmsil olunub.

AzVision.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata götə, yanvarın 17-18-də "Los Angeles Times" qəzeti tərəfindən Los Ancelesdə keçirilən Beynəlxalq Turizm Sərgisində Azərbaycan geniş şəkildə təmsil olunub.

Hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Artıq üçüncü ildir ki, Azərbaycan bu məşhur sərgidə təmsil olunur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş, "Azərbaycan: əfsanəvi qonaqpərvərik diyarı" başlıqlı Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı rəngarəng nəşrlər vasitəsilə geniş məlumat verilib. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Sərgidə üç Azərbaycan turizm şirkəti, o cümlədən "Wonders of Azerbaijan", "Spektr" və "SkyTravel" şirkətləri iştirak edərək, Azərbaycana səfər üçün turizm paketləri təqdim ediblər.

Stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa məscidi, Gəncəsər Alban monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.
Həmçinin Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq, sərgi iştirakçıları arasında paylanıb. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Qeyd edək ki, Kaliforniyadakı erməni lobbisi müxtəlif vasitələrlə Azərbaycanın sərgidə iştirakına mane olmağa çalışsa da, öz məqsədinə nail ola bilməyib.

Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qalereya




Teqlər:





Xəbər lenti