Ermənistanda virus böhranı: “Paşinyan bağışlanmaz səhvlərə yol verib”

  10 Avqust 2020    Oxunub : 2143
 Ermənistanda virus böhranı:  “Paşinyan bağışlanmaz səhvlərə yol verib”
Ermənistanın səhiyyə naziri Arsen Torosyanın koronavirus epidemiyasına qarşı mübarizəsi iflasa uğrayıb, ancaq burada tək o yox, ümumilikdə hakimiyyət günahkardır.
Azvision.az xəbər verir ki, bu barədə erməni ekspert, "Alternativ layihələr qrupu"nun üzvü Marine Sukiasyan bildirib.

O deyib ki, hazırda kiçik bir ölkədə 40 mindən çox koronavirus xəstəsinin olması, ölənlərin sayının 1000 nəfərə çatması, ölüm və yoluxmanın davam etməsi, təkcə səhiyyənin problemi deyil. Epidemiya ilə mübarizənin bütün aspektləri - təşkilati, hüquqi, səhiyyə, sosial və inzibati işlər iflasa uğrayıb.



"Baş nazir Nikol Paşinyan epidemiya ilə mübarizənin uğursuzluğuna görə birbaşa məsuliyyət daşıyır. O, epidemiyanın əvvəlində mitinqlər etdi, aydın qərarlar qəbul edə bilmədi, düzgün səhiyyə xidməti göstərilmədi, nəticədə koronavirusa yoluxma pik həddə çatdı.

Evdə müalicə alan on minlərlə vətəndaşımız dərmanlara və digər müayinələrə pul tapmadan infeksiya ilə təkbətək qaldı, ona görə də yüksək ölüm sayına malikik", - deyə erməni ekspert bildirib.

O əlavə edib ki, ölüm sayının çox olmasının səbəbləri mütləq araşdırmalıdır.

"Hökumət vətəndaşlarımızın sağlamlığı və həyatını itirməsi bahasına başa gələn bağışlanmaz səhvlərə yol verdi. Bütün səhvləri bir insana bağlamaq sadəlövhlükdür. Hamınız Arsen Torosyansınız və bu işdə böyük günah payınız var".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArsenTorosyan