148 minə yaxın sahibkar dövlətdən yardım istəyib

148 minə yaxın sahibkar dövlətdən yardım istəyib
  11 Avqust 2020    Oxunub:3667
Avqustun 6-na İqtisadiyyat Nazirliyinə koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 95 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 min 708 fərdi (mikro) sahibkar, cəmi 147 min 803 vergiödəyicisi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 273 min 732 işçini əhatə edən 29 min 95 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 856 vergiödəyicisinə 215 min 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 min 708 vergiödəyicisindən müraciət daxil olub, 111 min 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 milyon manat vəsaitin 106 min 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Nazirlik   Sahibkar   Yardım   Maliyyə  





Xəbər lenti