308 obyektə qadağa qoydu - Hesabat

308 obyektə qadağa qoydu - Hesabat
  23 Yanvar 2014    Oxunub:1170
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində standartların tələblərinə, metroloji norma və qaydalara riayət edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq subyektlərində yoxlamalar aparılıb.

Komitədən AzVision.az-a verilən məlumata görə, yoxlamalar zamanı 1279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 1279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilib.
308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib. İstehsalın və satışın qadağan olunması barədə tələbnamələrdən 24-ü unlu-qənnadı məmulatları, 30-u çörək məmulatları, 22-si dönər istehsalı, 12-si süd məhsulları, 10-u alkoqolsuz içkilər, 11-i mebel istehsalı, 199-u isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 32 631 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 932 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. İstehlak bazarında satılan dönərin, ictimai iaşə obyektlərində və şadlıq evlərində göstərilən xidmətlərin keyfiyyətinin artırılması və nöqsanların aradan qaldırılması üçün AZS 103-2003 “Çiy (bişməmiş) dönər” və AZS 746-2012 “Şadlıq sarayların təsnifatı və qaydalar” standartlarının tələblərinə əsasən 2013-cü il ərzində 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb və bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilib, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti