Çempionlar Liqasında ikinci yarımfinalçı məlum oldu

Çempionlar Liqasında ikinci yarımfinalçı məlum oldu
  14 Avqust 2020    Oxunub:9040
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Azvision.az -ın məlumatına görə, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Fasilədən sonra “Leyptsiq” hesabı açıb. Görüşün 50-ci dəqiqəsində Dani Olmo qapıya dəqiq zərbə vurub. Qarşılaşmanın 71-ci dəqiqəsində madridlilər hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini Joao Feliks səhvsiz yerinə yetirib. Matçın başa çatmasına üç dəqiqə qalmış “Leyptsiq” yenidən hesabda önə keçib.

Yekunda 2:1 hesablı qələbə qazanan Almaniya klubu tarixində ilk dəfə adını yarımfinala yazdırıb. Almanlar növbəti mərhələdə “Paris Sen-Jermen” (Fransa) klubu ilə üz-üzə gələcək.

Dörddəbir final mərhələsinin digər oyunlarında “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) üz-üzə gələcəklər. Həmin oyunlar müvafiq olaraq avqustun 14-15-də təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.

Azvision.az


Teqlər: ÇL   Futbol  





Xəbər lenti