DİM bu ixtisaslara qəbul olmaq istəyənlərə müraciət etdi
İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. 8 komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində 7 binada təşkil ediləcək.
Abituriyentlər 14-18 avqust 2020-ci il tarixlərində DİM-in saytından “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qabiliyyət imtahanları təsviri sənət istiqaməti ilə başladığına görə bu istiqamət üzrə imtahan verən abituriyentlərə buraxılış vərəqələrini avqustun 16-na qədər çap etmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- qabiliyyət imtahanına buraxılış vərəqəsini;
- Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
142, 143, 342-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.
Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
Azvision.az