"Azərbaycanla əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib" - Səfir

"Azərbaycanla əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib" -  Səfir
  15 Avqust 2020    Oxunub:2835
Hindistanla Azərbaycan arasında sıx mədəni və tarixi əlaqələr mövcuddur. Bu illər ərzində çoxşaxəli əlaqələrimiz bir çox sahələrdə genişləndirildi.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın ölkəsinin Müstəqillyinin 74-cü ildönümü ilə bağlı müraciətində deyilir.

"Hindistanın 74-cü Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasında yaşayan bütün həmyerlilərimi ürəkdən təbrik edir və salamlarımı çatdırıram. Fürsətdən istifadə edərək, öz adımdan və Azərbaycandakı Hindistan icması adından Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına səmimi salamlarımı çatdırır və möhkəm cansağlığı, firavanlıq arzu edirəm", - deyə səfir vurğulayıb.

Diplomat əlavə edib ki, Azərbaycanla ikitərəfli iqtisadi münasibətlər əhəmiyyətli dərəcədə inkişaf etdirilib. İki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq etməyə və qarşılıqlı faydalı işgüzar əlaqələr qurmağa maraq artmaqdadır.

“Mədəni əlaqələrimizdə və insanlararası münasibətlərdə də sürətli artımının şahidi oluruq. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq platformalarda ümumi problemlərin həlli istiqamətində sıx işləməyə davam edir. İkitərəfli münasibətlərimizin ən vacib elementlərindən biri Hindistanın inkişaf əməkdaşlıq proqramları vasitəsilə Hindistan və Azərbaycanda potensialın artırılması proqramları ilə təqdim etdiyimiz əməkdaşlığımızdır. Önümüzdəki illərdə Azərbaycanla inkişaf tərəfdaşlığımızı digər sahələrdə də şaxələndirmək üçün səylər göstərməyə davam edəcəyik”.

Səfir qeyd edib ki, 1998-ci ildə Hindistan və Azərbaycan arasında imzalanmış İqtisadi və Texniki Əməkdaşlıq (ITEC) haqqında sazişə əsasən, 2008-ci ildən etibarən Azərbaycan hökuməti nümayəndələrinə ITEC kursları təqdim olunur. Bu günə qədər 133 azərbaycanlı maliyyə, kompüter, informasiya texnologiyalarının təhlükəsizliyi, müxtəlif idarəetmə kursları, ingilis dili, qadın səlahiyyətlərinin artırılması, liderliyin inkişafı və s. kimi müxtəlif istiqamətlərdə fərqli ITEC proqramlarında iştirak edib.

Hindistan hökuməti ITEC proqramı çərçivəsində təklif olunan kurslarda ölkədə ən yüksək səviyyəli institutlarda tam maliyyələşdirilən təqaüd ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kursun ödənişi, yaşayış, kitablar, Hindistanda tibbi xərclər və az miqdarda olan xərclər daxildir. Hər il bu kurslarda iştirak etmək üçün 160-dan çox ölkədən Hindistana 12 000 iştirakçı gəlir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ITEC  





Xəbər lenti