Naxçıvanda müəllimlər üçün imtahanlar keçirilir
Test imtahanlarında iştirak etmək üçün 101 nəfər sənəd təqdim edib. İmtahanda hər bir namizədə, ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
Test imtahanları 22 avqust 2020-ci il tarixədək davam edəcəkdir.
Qeyd edək ki, müəllimlərin qiymətləndirilməsi onların bilik və bacarıqlarının üzə çıxarılması, uğur qazananların həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. İndiyədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün 2 test imtahanı keçirilib, imtahanlarda 499 müəllim iştirak edib və 417 müəllim uğur qazanıb.
Azvision.az
Teqlər: Naxçıvan Müəllim İmtahan