Deputatdan kafe və restoranlarla bağlı təklif

Deputatdan kafe və restoranlarla bağlı təklif
  19 Avqust 2020    Oxunub:2718
"Dünəndən kafe və restoranların açıq havada işləməsinə icazə verildi. İctimai iaşə müəssisələrində yenidən canlanma müşahidə olunmağa başlanıldı. Epidemioloji vəziyyət nəzərə alınmaqla iqtisadiyyatın mərhələli şəkildə tam açılımının vacibliyini dəfələrlə vurğulamaqla qeyd etmək istərdik ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi aktivliyin bərpası əhəmiyyətli olmaqla yanaşı, virusdan qorunmaqla bağlı qaydalara həm nəzarətin gücləndirilməsi, həm də əməl edilməsinin təşviqi çox əhəmiyyətlidir".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkəmizdə yeni standartlar çərçivəsində ictimai iaşə və xidmət sektorunda fəaliyyətlərin tam bərpası məqsədəuyğundur.

"Rəsmi statistikaya görə, 4 milyon 879 min məşğul əhalinin 1 milyon 769 mini aqrar sektorda çalışır. Onların əksəriyyəti pay torpaq sahibləridir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımından vacib hesab olunur".



Deputat bildirib ki, hələlik ictimai iaşə müəssisələri qapalı məkanda xidmət göstərə bilmirlər. Bu baxımdan, qapalı xidmət göstərən kafe və restoranlar üçün yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə icazə verilməsi məqsədəuyğun olardı.

"Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, fərdi otaqlarda müştərilərə qulluq edirlər. Halbuki, virusdan qorunma qaydalarını tətbiq etməklə onların fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öncə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi vacibdir. Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayarmov  





Xəbər lenti