"Yeni tədris modeli onlayn dərslərdən daha effektivdir" - Təhsil eksperti
Pandemiya şəraitində tədrisin yeni modellə keçirilməsi nə qədər effektiv olacaq?
Təhsil eksperti Kamran Əsədov Azvision.az -a açıqlamasında bildirib ki, pandemiya ən çox təhsil sahəsinə ciddi təsir göstərdi. Onun sözlərinə görə, bu sahə fəaliyyətini davam etdirmək üçün 180 dərəcə bütün infrastrukturu dəyişməlidir.
"Tədris həftəsi əvvəllər 34 həftə idi və şagirdlər 210 gün məktəblərə gedirdilər. İndi isə bu rəqəm 68 günə qədər düşəcək. Hesab edirəm ki, ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır”.
K.Əsədov bildirib ki, 2-3 gün məktəbə getməklə tam bilik və bacarıqlara malik olmaq mümkün olmasa da, yeni model ən azından onlayın dərslərdən daha effektivdir.
“Lakin bir məqam var. Bu gün 4447 orta məktəbdə çalışan 151 min müəllimin 37 faizi risk qrupuna aiddir. Bu zaman onları ənənəvi yox, onlayn dərslərə cəlb etmək lazımdır.
Məsələ o deyil ki, şagirdlər 2-3 gün dərsdə olduqları üçün virusa yoluxacaqlar. O şagirdlər məktəbə gəlmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. O zaman yoluxma halları olacaq və o şagirdlər məktəbə daxil olanda ciddi yoxlanılmasalar, potensial daşıyıcıya çevriləcəklər. Hesab edirəm ki, Bakı və bölgələrdə şagirdləri daşımaq üçün xüsusi avtobuslar ayrılmalıdır”.
Təhsil eksperti qeyd edib ki, məktəblərdə dezinfeksiya işləri, şagirdlərin yoxlanılması çox ciddi aparılmalıdır.
“Bağçaların fəaliyyətinə icazə verildi. Nəzərə alsaq ki, 1675 uşaq bağçasında 110 min uşaq tərbiyə alır və onları valideynləri bağçalara aparır, deməli təmas halları olacaq. Bu da yoluxma hallarına təsir göstərə bilər. Bundan başqa, 2020-2021-ci tədris ilində əgər ali və orta ixtisas təhsili müəssisələri ənənəvi formada tədrisi həyata keçirməyəcəklərsə, mütləq şəkildə təhsil haqları azaldılmalıdır. Çünki universitetlərin xərcləri alternativ təhsil verməklə dəfələrlə azalır.
Dövlət təhsil müəssisələrinin yükünü azaltmaq və insanların sağlamlığı üçün özəl sektorun fəaliyyətinə icazə verilməlidir ki, həm şagirdlər, həm də məktəbə ənənəvi qaydada getməyənlər zəruri bilik və bacarıqlara yiyələnsinlər, eyni zamanda məktəblərin yükü azalsın”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Tədris Koronavirus