Gəncə güləşçiləri turnirdə 2 qızıl medal qazandı

Gəncə güləşçiləri turnirdə 2 qızıl medal qazandı
  26 Yanvar 2014    Oxunub:2116
Gəncə güləşçiləri beynəlxalq turnirdə 2 qızıl medal qazanıb.
20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnirdə Gəncə idmançıları da iştirak ediblər.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində reallaşan yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan 135 güləşçi birincilik uğrunda mübarizə aparıb. Azərbaycan təmsilçiləri ümumilikdə, 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib olaraq komanda hesabında ilk sırada qərarlaşıb. Qızıl medallardan ikisi məhs Gəncə pəhləvanlarının payına düşüb. Nizami yurdu adına qazanılan daha bir medal isə bürünc olub.
Mükafatçılardan ikisi Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsidir. Fazil Həsənovla Murad Məmmədov fəxri kürsüyə yüksəlib.

Həsənov yarışın qalibi olubsa, sonuncu 3-cülüklə kifayətlənib.

Bu səbəbdən turnirin mükafatçıları və onların məşqçisi ilə idman mərkəzində görüş təşkil olunub. Filialın direktoru Xəyal Hacıyev son zamanlar uğurlu nəticələrə imza atan Fazil Həsənovun bu dəfə də diqqət mərkəzinə düşməsini xususi vurğulayıb. Onun 50 kq çəkidə rəqib tanımamasını önə çəkib. Tədbirdə çıxış edən mütəxəssislər Həsənovun rəqibləri üzərində böyük hesablı qələbələr qazanmasını onun digər güləşçilərdən bir baş üstün olması ilə əlaqələndiriblər.

Tədbirdə həmçinin yeniyetmələr arasında güləşən digər bir prespektivli pəhləvan, keçən il yeniyetmələr arasında Asiya oyunlarında bürünc medal qazanan Murad Süleymanov da iştirak edib. Süleymanovun yaşının az olmasına baxmayaraq kişilər arasında sonuncü ölkə birinciliyində 3-cü yerə çıxması milli komandanın məşqçilərinin də diqqətindən yayınmayıb. Belə ki, o, bu ay gənclərdən ibarət yığmanın tərkibində Özbəkistanda 16 günlük təlim məşq toplanışına qatılıb.

Yetirmələrinin çıxışından razı qalan məşqçi Arzu Rəhimov qarşıdakı yarışlara ciddi hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, Gəncə güləşçilərindən digər bir qızıl medalı 69 kq çəki dərəcəsində qüvvəsini sınayan Fuad Məmmədov qazanıb. Tədbirin sonunda güləşçilər və onların məşqçisinə filialın rəhbərliyi tərəfindən həvəsləndirici hədiyələr təqdim olunub, eyni zamanda mərkəzin şərəf löhvəsi üçün xatirə şəkili çəkdirilib.


Teqlər:





Xəbər lenti