Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb
Bu baxımdan belə bir şöbənin fəaliyyətə başlaması kitabxana üçün zəruridir. Şöbədə azərbaycanşünaslığa dair ictimai, humanitar, dəqiq və yer elmləri sahəsində aparılan tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənədlərin, materialların toplanması, beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara uyğun olaraq sistemləşdirilməsi nəzərdə tutulur. Həmçinin ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat - kataloqlar yenidən işlənilməklə) və elektron informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, azərbaycanşünaslıq baxımından xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur.
Bundan əlavə, azərbaycanşünaslığın aktual mövzularına həsr olunan doğma və xarici dillərdə dövri mətbuat materiallarının elektron məlumat bazasının təşkili də bura daxildir. Mütəmadi olaraq cari, retrospektiv, şəxsi və elmi-sahəvi biblioqrafik göstəricilərin nəşri də şöbənin fəaliyyətinin bir istiqaməti olacaq. MEK-in kitabxana-informasiya şəbəkəsinin müasir informasiya-kommunikasiya texnologiyaları bazasında modernləşdirilməsini nəzərdə tutan konsepsiya əsasında şöbənin əsasnamə və nizamnaməsi işlənilib.
“Strateji məqsədimiz bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək “Azərbaycanşünaslıq” üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır”, – deyə S.Zülfüqarova qeyd edib.
Azvision.az
Teqlər: Kitabxana