Pandemiyanın biznes sektoruna mənfi təsirləri
Məlumatda bildirilir:
Ayrı-ayrı ölkələr səviyyəsində həyata keçirilən sorğu nəticələrinə əsaslanaraq qeyd edə bilərik ki, Almaniyada kiçik və orta biznes subyektlərinin (KOB) 58%-i gəlirlərində orta hesabla 50%-lik azalma müşahidə etdiyi halda, Niderlandda KOB-ların 85%-i maliyyə çətinlikləri yaşayıb. Belçikadakı şirkətlərin 40%-i gəlirlərində 75%-dən artıq azalma olduğunu bildirib. Portuqaliyada isə müəssisələrin 37%-i istehsal həcminin 50%-dən çox aşağı düşdüyünü bildirib (European Cluster Collaboration Platform, 2020).
Asiya-Sakit Okean bölgəsində isə oxşar bir sorğu “Youth Co:Lab” lahiyəsi çərçivəsində aparılıb. Sorğu nəticələrinə görə regionu təmsil edən hər 10 sahibkardan 9-u COVID-19-un biznes fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. Mənfi təsirə məruz qalan hər 4 sahibkardan 1-i işlərinin tamamilə dayandığını, hər 3 sahibkardan 1-nin isə biznes əməliyyatlarında böyük bir yavaşlama olduğunu qeyd edib.
BMT-nin İnkişaf proqramının (BMTİP) Türkiyədəki müəssisələr üçün keçirdiyi sorğuda da oxşar nəticələr təsbit edilib. Belə ki,sorğuda iştirak edənlərin 96%-i pandemiyanın biznes sektoru üçün ciddi təhlükə olduğunu bəyan edib (UNDP, 2020).
Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə yönəlik dövlət dəstəyi müxtəlif təşviq və yardım alətləri ilə biavasitə təmin edilməkdədir. Bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sistemli fəaliyyət strategiyasına uyğun olaraq sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemləri təqib etmək, sistemləşdirmək və qabaqlayıcı mexanizmlərin optimal realizasiyasını həyata keçirməkdədir. Cari vəziyyətdə əsas tətbiqlərdən biri də KOB-lar üçün antiböhran strategiyaları ilə bağlı konsultasiyaların verilməsidir ki, bu da indiki şəraitdə Agentliyin prioritetləri çərçivəsindədir. Butün bunlarla yanaşı Agentliyin strateji hədəflərindən biri də sahibkarlıq subyektlərinin post-pandemiya dövrünün çağırışlarına hazırlamaqdır. Məhz bu çərçivədə müxtəlif sektor və eləcə də regionları təmsil edən sahibkarlarla onlayn müzakirələr təşkil edilir.
Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti” sahibkar rəyində adlı ümumölkə (işğal olunmuş ərazilər və Naxçıvan MR istisna olmaqla) miqyaslı, 374 biznes subyektini əhatə edən sosioloji sorğu keçirilib. Sorğuya cəlb olunan sahibkarlara təqdim edilən e-anket (e-mail vasitəsilə) 41 modul tipli sualı özündə əks etdirib. Analitik hesabatdan çıxarış kimi, sahibkarlara ünvanlanmış “Koronavirus (COVID-19) pandemiyasının Sizin biznesə təsirini necə qiymətləndirirsiniz?” sualına ümumiləşdirilmiş rəy aşağıdakı kimidir.
Digər tərəfdən sorğu çərçivəsində sahibkarlara ünvanlanan “Sizcə Koronavirus (COVID-19) pandemiyasından ən çox zərər çəkmiş biznes sektoru hansıdır?” sualına verilən cavabların təhlili kimi aşağıdakı ilkin nəticələr hasil edilmişdir.
Məhz bu istiqamətdə beynəlxalq miqyasda həyata keçirilən tədqiqatlardan çıxış edərək nəticələrin qlobal tendensiyalara adekvatlığını müşahidə edə bilərik. “Ernst & Young (EY)” şirkəti tərəfindən 46 ölkədə iqtisadiyyatın 14 sektoru üzrə 2900-dən artıq müəssisə rəhbəri (sahibkar) arasında keçirilən rəy sorğusu nəticələrinə görə turizm və aviasiya, restoran-kafe xidmətləri sahəsi sahibkar rəyində pandemiyadan ən çox təsirlənən, ərzaq və maliyyə-sığorta xidmətləri sektoru isə ən az təsirlənən sahə kimi müəyyən olunub (Ernst & Young (EY), 2020).
Digər tərəfdən Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan sorğunun birinci mərhələsində iştirak edən sahibkarların 43.2%-i dövlət tərəfindən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar əməliyyatları dayandırdıqlarını, 47.2%-i isə aşağı həcmdə əməliyyatlar həyata keçirdiyini bildirib. Sorğu iştirakçılarının sadəcə 9.6%-i fəaliyyətinə tam gücü ilə davam etdiyini bəyan edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən geniş maarifləndirici aksiyaların və görüşlərin həyata keçirilməsinə baxmayaraq, diqqət çəkən məqam kimi, rəyi öyrənilən sahibkarların 78.4%-i COVID-19 pandemiyasının təsirinin minimuma endirilməsi məqsədilə dövlətin KOB-lara dəstək siyasəti və tədbirləri barədə məlumatlı olduğunu, 21.6%-i isə bu istiqamətdəki tədbirlərdən məlumatsız olduqlarını qeyd ediblər.
Qeyd etmək istərdik ki, təqdim edilən sorğu nəticələri aprel-iyul ayları əhatə etməklə KOB-ları təmsil edən sahibkar rəylərinə əsaslanır. Analitik hesabatın Mərkəz tərəfindən yaxın gələcəkdə geniş ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.
Azvision.az
Teqlər: STM