"Şirvan” kran gəmisi əsaslı təmiri olunub

"Şirvan” kran gəmisi əsaslı təmiri olunub
  02 Sentyabr 2020    Oxunub:6150
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan” 100 tonluq kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
ASCO-dan Azvision.az -a bildirilib ki, proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində gəmi mexanizmləri, baş mühərrikləri, braşpil və şpil qurğuları, nasosları, boru sistemləri, sanitar qovşaqları, elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

“Şirvan” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

“Şirvan” kran gəmisinin uzunluğu 98,55 metr, eni 17 metrdir. Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlə təchiz olunub.

Azvision.az


Teqlər: Gəmi  





Xəbər lenti