“Ölkədə pandemiyanın təsirlərini azaltmaq mümkün olub”

 “Ölkədə pandemiyanın təsirlərini azaltmaq mümkün olub”
  02 Sentyabr 2020    Oxunub:3769
Pandemiyanın təsirlərinin minimumlaşdırılması, xüsusən də vətəndaşlarımızın sağlamlığına təsirlərin azaldılması, iqtisadi təsirlərin mərhələli şəkildə aradan qaldırılması Azərbaycan üçün prioritet hədəf idi. Ötən dövrün rəsmi statistikası, pandemiyanın minimallaşdırılması ilə bağlı aparılan siyasət ondan xəbər verir ki, Azərbaycan praktik olaraq pandemiyanın geridə qalan aylarında sözügedən hədəflərə nail ola bilib.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan üçün hələ də vətəndaşların sağlamlığı prioritetdir.

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət birbaşa hər bir vətəndaşımızın sağlamlığının qorunması, pandemiyanın təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır.

Pandemiyanın iqtisadi təsirlərinin olacağı gözlənilən idi. Çünki pandemiya 20 fəaliyyət sahəsinə mənfi təsir göstərib. Onlardan 11-də fəaliyyətin tamamilə, 9-da qismən dayanması müşahidə olunub ki, bu da real sektora pandemiyanın təsirlərinin olması anlamına gəlir. Bununla yanaşı, Azərbaycan dövləti insanların sağlamlığını birinci məsələ olaraq saxlasa da, pandemiyanın iqtisadi təsirlərini azaltmağa çalışıb".

V.Bayramov qeyd edib ki, cari ilin 7 ayında Azərbaycan iqtisadiyyatı 2,8 faiz azalıb, lakin qonşu Rusiyada 8,5 faiz geriləmə müşahidə olunub.

"Böyük Britaniyada bu ilin II rübündə 24 faiz azalma müşahidə olunub ki, bu da praktik olaraq son 10 illik ölkə tarixində ciddi geriləmədir. Avropa ölkələrində iqtisadi azalma ikirəqəmlidir. ABŞ-da 20 faizə yaxın geriləmə müşahidə edilir. İnkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrə nisbətən, Azərbaycanda pandemiyanın təsirlərini minimumlaşdırmaq mümkün olub. Azalma var, amma indiki pandemiya şəraitində mövcud iqtisadi azalma məqbul hesab oluna bilər".

Deputat, həmçinin bildirib ki, növbəti dövr üçün hədəflər iqtisadi azalmanın optimallaşdırılması və postpandemya dövründə qısa zamanda aktivləşməyə nail olmaqdır.

"Növbəti aylarda da vətəndaşların sağlamlığının prioritet olması kontekstində pandemiyanın iqtisadiyyata təsirlərinin azaldılması siyasəti davam etdiriləcək. Məqsəd ondan ibarətdir ki, postpandemiya dövründə real sektorda iqtisadi aktivliyi qısa zamanda bərpa etmək mümkün olsun".

Aytən Zəhra
Azvision.az


Teqlər: Pandemiya   İqtisadiyyat  





Xəbər lenti