Gülhanə Tibb Fakültəsinə və Rusiya Hərbi Tibb Akademiyasına müsabiqə elan olunub

Gülhanə Tibb Fakültəsinə və Rusiya Hərbi Tibb Akademiyasına müsabiqə elan olunub
  03 Sentyabr 2020    Oxunub:2369
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası və Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2020/2021-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 il, Hərbi Tibb Akademiyasında isə təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Seçilmiş namizədlər hərbi and içir və Azərbaycan ordusunda kursantların həqiqi hərbi xidmətinə daxil olurlar. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər sentyabr ayının 10-dək şəxsiyyəti təsdiq edən sənədin əsli ilə Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

Azvision.az


Teqlər: Tibb   Akademiya   Qəbul   DİM  





Xəbər lenti