2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir

 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir
  03 Sentyabr 2020    Oxunub:3232
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35, 40, 45) proqnozlara əsasən, 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilib.

Qeyd edilib ki, həmin proqnozlara əsasən, baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.

2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaq.

Qeyd edək ki, qeyri-neft ÜDM növbəti ildə 3,5 faiz real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir.

2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33,2 faiz) çəkiyə malik sənayedə 25,0 milyard manatlıq, kənd təsərrüfatında 5,6 milyard manatlıq (xüsusi çəkisi 7,4 faiz), tikintidə 5,7 milyard manat, xidmətlərin istehsalında isə 31,8 milyard manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir. Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9,7 faizə bərabər xüsusi çəkiyə malik olmaqla 7,3 milyard manat təşkil edəcək.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 3,0 faiz artım gözlənilir. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə gözlənilir.

Azvision.az


Teqlər: Büdcə   Proqnoz  





Xəbər lenti