Bir sıra dövlət standartları təsdiq edildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra dövlət standartları təsdiq edilib.
AzVision.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər.
AZS 756-2014 “Xilasedici jiletlər. Texniki şərtlər” dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən xilasedici jiletlərə şamil edilir. Bu standart “Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya”nın III qaydasının tələblərinə uyğun hazırlanmışdır. Normativ sənəddə xilasedici jiletlərin əsas ölçüləri, texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur.
AZS CODEX STAN 192-2014 “Qida əlavələri” dövlət standartı beynəlxalq CODEX STAN 192-1995 “Codex General Standart for Additives” standartı əsasında hazırlanıb. Normativ sənəddə qida əlavələrinin istifadəsinin ümumi prinsipləri, qida əlavələrinin qida məhsullarına daxil edilməsi, qida məhsullarının kateqoriyaları sistemi haqqında informasiyalar yer alıb.