İstehlak kreditləri niyə məhdudlaşdırılır? - TƏHLİL

İstehlak kreditləri niyə məhdudlaşdırılır? - TƏHLİL
  27 Yanvar 2014    Oxunub:2052
Azərbaycan Mərkəzi Bankın (AMB) ölkədəki banklardan istehlak kreditlərini verən zaman müəyyən məhdudiyyətlər qoymağı tələb etməsi narazılıq yaradıb. Amma bu, çoxdan gözlənilirdi. Hələ 2012-cü ilin sonunda ölkədə istehlak kreditlərinin verilməsinin genişlənməsinin narahatlıq doğurduğu bildirilmişdi. Keçən ilin yanvarında isə Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin iclasında Ziyad Səmədzadə qeyd olunan sahədə yaranmış vəziyyətlə əlaqədar AMB rəhbərliyi ilə görüş keçirəcəklərini və kredit siyasəti, istehlak kreditlərinin verilməsi üzrə yaranmış vəziyyət barədə müzakirələr aparılacağını demişdi.

Bundan bir az sonra – 2013-cü ilin fevralında isə AMB kommersiya banklarına pərakəndə satış şəbəkələrində kreditləşdirməni dayandırmaları üçün məktub göndərdi. Həmin məktuba əsasən, avtomobillərin, mebellərin, məişət elektrik avadanlıqlarının, o cümlədən mobil telefon aparatlarının daha asan satılması üçün tələb olunan kreditləri banklardan onların satıldığı yerlərdə deyil, mərkəzləşdirilmiş qaydada həyata keçirmələri tələb olunurdu. Başqa sözlə desək, kommersiya banklarının pərakəndə satış məntəqələri ilə bu sahədə əməkdaşlığına son qoyulurdu. O vaxt yazdıq ki, bunun səmərəsi olacaqmı? Ölkədə istehlak kreditlərinin verilməsinin genişlənməsi məgər, təkcə pərakəndə satış şəbəkələri ilə əlaqədardırmı? Təbii ki, yox...

Əksinə, yazdıq ki, kommersiya banklarına istehlak kreditlərini verməkdə pərakəndə satış şəbəkələri ilə əməkdaşlığa son qoyulması istənilən səmərəni verməyə və bank sektorunun əhaliyə xidmətini məhdudlaşdıra bilər. Ancaq onu da qeyd etmişdik ki, kommersiya banklarının ümumiyyətlə, istehlak kreditlərinə meyilli olmalarının qarşısını AMB-in gücü və yaxud da “müdaxiləsi” yolu ilə almaq və bu sahədə əsas yükü adı çəkilən qurumun üzərinə yönəltmək düzgün deyil. Sadəcə, iqtisadiyyatın qeyri-neft sektorunda mövcud risk səviyyəsini azaltmaq lazımdır ki, bunun üçün isə istehsal xarakterli sahələrin inkişafına uzunmüddətli kreditlərin cəlbini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlər mexanizmi hazırlayıb həyata keçirmək tələb olunur. Bu yolla daha böyük uğurlu nəticələr əldə etmək mümkündür.

Ümumiyyətlə, avtomobilə, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə şərtləri sərtləşdirməklə istehsal xarakterli sahələrin inkişafı üçün uzunmüddətli kreditlərin yatırımı üçün müvafiq yumşaldıcı tədbirlər həyata keçirmək, hələ bir neçə il öncədən vacib sayılırdı.

İndi müxtəlif izahatlar verilir və fərqli fikirlər irəli sürülür. Belə ki, AMB-in kommersiya banklarına yönəlik tövsiyəsi ayrı-ayrı prizmalardan şərh olunur: bəziləri bunun banklara nizamnamə kapitallarının həcmini tələb olunan səviyyəyə qədər artırmaları üçün verilən vaxtın 1 il uzadılmasından sonra 50 milyon manata asan yolla nail ola bilməmələri üçün irəli sürüldüyünü, digərləri avtomobil idxalının qarşısını almaq məqsədi daşıdığını, bir çoxları isə sırf istehlak kreditlərinin verilməsi prosesini məhdudlaşdırmaq məqsədilə həyata keçirildiyini deyirlər.

Əslində isə məqsəd tamamilə başqadır. Əvvəla, AMB İdarə Heyətinin 2012-ci il 25 iyul tarixli qərarına əsasən bankların məcmu kapitallarının, o cümlədən yeni yaradılacaq bankların nizamnamə kapitallarının minimum məbləğinin əvvəl 2014-cü ilin yanvarın 1-nə, sonradan isə 2015-ci ilə qədər 50 milyon manata çatdırılması tələbi ölkə iqtisadiyyatında qeyri-neft sektrorun inkişafında bank sisteminin rolunu artırmaq baxımından vacib sayılsa da bu, istehlak kreditləşdirilməsinin arxa plana ötürülərək dərhal iqtisadiyyatın real sektorunun kreditləşdirilməyə başlanacağını deməyə əsas vermir.

Bundan əlavə, AMB-nin banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı 2015-ci ilədək uzatması heç də onların sayını azaltmaq istəmədiyini göstərdi. Halbuki bu, bankları “ələkdən keçirmək” üçün yetərli idi. Elman Rüstəmov da dövlətin bu yolla hər hansı bankı inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində olmadığını deyib. Çünki ölkədə neçə bankın fəaliyyət göstərməli olduğu önəmli deyil. Əsas, bank sisteminin iqtisadiyyatın maliyyələşdirilməsində rolunun artmasıdır.

O ki qaldı avtomobil idxalına, Nazirlər Kabinetinin ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçmək barədə qərarı bunu məhdudlaşdırmaq üçün yetərlidir. “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımasa da, bizdə müvafiq yanacaq istehsal oluna bilmədiyindən, hədəf məhz bundan ibarətdir.

Bəs, AMB-in kommersiya banklarına istehlak və avtomobil kreditlərinin verilməsini məhdudlaşdırmağı tövsiyə etməsi nəylə əlaqədardır?

Birincisi, bu, ölkədə pul-kredit siyasətinin sərtləşdirildiyi deməkdir. Bu isə enerji sektorunda qiymət islahatına rəğmən, inflyasiyanı nəzarətdə saxlamaq və əhalinin pul gəlirlərini sığortalamaq məqsədi daşıyır. Bəllidir ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri dekabrda noyabr ilə müqayisədə 1,9, ərzaq məhsulları 2,6, qeyri-ərzaq malları 2,7, xidmət tarifləri isə 0,4 % bahalaşmışdır. 2013-cü ildə isə 2012-ci ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,4, ərzaq məhsulları 2,2, qeyri-ərzaq 0,8, xidmət tarifləri 3,5 % yüksəlib.

Bütün bu artımlarda ölkədə keçən ilin dekabrın 3-dən yanacaq məhsullarının bahalaşmasının rolu vardır. Belə ki, benzinin və dizelin qiymətləri gözlənildiyindən çox artırıldı. Və hələ yaxşı ki, istehlak bazarında ajiotaj yaranmadı.

Ancaq kommunal xidmət tariflərinin – işığın, qazın, suyun qiymətlərinin artması qarşıdadır. AMB isə bu il də ölkədə inflyasiyanı birrəqəmli səviyyədə (3,5 %) saxlamağı nəzərdə tutub. Bu isə bir çox vəzifələrlə yanaşı, dövriyyədə pul kütləsinə nəzarət etməyi tələb kimi qarşıya qoyur. AMB-in 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da deyilir ki, pul kütləsinin artım tempi inflyasiyaya təsiredici amillərdəndir. Bunun üçün isə tələb olunan şərtlərdən biri istehlak kreditllərinə nəzarəti gücləndirməkdir.

İkincisi, əvvəlki şərhlərimizdə də yazmışıq ki, ölkə iqtisadiyyatına dair göstəriciləri nəzərdən keçirərkən ümumi daxili məhsulda (ÜDM) kölgə və yaxud gizli iqtisadiyyatın payı həmişə sual yaradır. Və ÜDM istehsalının həcmi məlum olarkən gizli iqtisadiyyat da nəzərə alınarsa bunun əslində nə qədər təşkil etdiyi mübahisə doğurur. Azərbaycanda gizli iqtisadiyyatın varlığı rəsmi olaraq da etiraf edilir. Sadəcə, onun səviyyəsi barədə müxtəlif fikirlər irəli sürülür.

Bilavasitə avtomobil kreditlərinin verilməsinə məhdudiyyətə gəldikdə isə burada məqsəd əhalinin gəlirlərinin uçota alınması işinin təşkilinə yardım göstərməkdir. Belə ki, kreditlə avtomobil alan ölkə vətəndaşlarının əksəriyyətinin rəsmi gəlirləri ilə öhdəliklərinə götürdükləri borc məbləğləri arasında uyğunsuzluq var. Avtokreditlər nə qədər təminatlı olsa da, məsələnin məhz bu tərəfi nəzərdən qaçırmamalıdır.

Elə digər istehlak kreditləri üzrə AMB-in tövsiyəsi ilə bağlı açıqladığı məlumatda da bildirilir ki, “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən, təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir ki, fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir.

Göründüyü kimi, məqsəd vətəndaşların borc alan zaman bütün növ pul gəlirlərini üzə çıxartmaqdır. Hesabatda da deyilir ki, borcalanın gəlirlərinin və beləliklə, borclanma qabiliyyətinin təsdiq edilməsi kredit portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının artırılmasına xidmət edir.

Sonuncu barədə qeyd edək ki, heç bir bank yalnız istehlak kreditləri verməklə güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz və bu, onlar üçün ciddi problem yarada bilər. Kommersiya bankları iri infrastruktur, sənaye, istehsal və xidmət layihələrinin maliyyələşdirilməsinə cəlb edilməli və bu yolla artmalıdırlar.

Yeri gəlmişkən, keçən il MM-nin İqtisadi siyasət komitəsinin sədri Z. Səmədzadə ölkə əhalisinin böyük bir hissəsinin banklara borclarının yaranmasına “göz yummaq” lazım gəlmədiyini vurğulamışdı. Bu fikirdə əsas həqiqət ondan ibarətdir ki, istehlak kreditlərinin necə gəldi verilməsi və artımı iqtisadiyyat üçün heç vaxt yaxşı heç nə vəd etmir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti