“Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirildi
Bununla əlaqədar sentyabrın 9-da təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankı, ali təhsil müəssisələrinin rəsmi nümayəndələri və tələbələr iştirak ediblər.
Mərasimdə bildirilib ki, “Təhsil kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirə biləcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumat, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə bilər. Həmçinin təhsil kartı ilə aparılan ödənişlər zamanı tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq.
Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 7 təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq ona yeni təhsil müəssisələrinin qoşulması nəzərdə tutulur.
Azvision.az