Abonentlərin 7,05 faizi güzəştli limiti keçib - “Azəriqaz”

Abonentlərin 7,05 faizi güzəştli limiti keçib -    “Azəriqaz”
  10 Sentyabr 2020    Oxunub:2655
“Azəriqaz” İstehsalat Birliyi cari ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.
Birlikdən Azvision.az -a bildirilib ki, avqust ayının 1-nə olan məlumata əsasən, qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarilə 161 min 574 abonent deməkdir. Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95 faizi) qazdan güzəştli limit daxilində istifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 2019-cu il aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti