“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başlayır

Əyani mərhələnin imtahanına müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 940 nəfər qatılacaq. İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil ediləcək.
Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. 2 saat ərzində keçirilməsi nəzərdə tutulan “Qabiliyyət üzrə yoxlama imtahanı”nda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdığı sualların ümumi sayının ən azı 70%-ni, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50%-ni təkrar etməlidirlər.
Əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.
3 saat ərzində keçirilməsi nəzərdə tutulan “İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ qazanacaq.
İmtahana gələrkən iştirakçılar ölkədə hazırki sanitar-epidemioloji qaydalara uyğun sosial məsafəni qorumalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. İmtahan zalına girməzdən əvvəl iştirakçıların temperaturu yoxlanılacaq. Temperaturu 37°C-dən yuxarı olan iştirakçılar imtahana buraxılmayacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Azvision.az
Teqlər: Yüksəliş