Bugünkü komitə iclasında nələr müzakirə olundu?

  10 Sentyabr 2020    Oxunub : 1851
Bugünkü komitə iclasında nələr müzakirə olundu?
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, komitə sədri Tahir Mirkişili payız sessiyasının başlaması münasibəti ilə təbriklərini çatdırıb. Sonra gündəlik haqqında məlumat verib. Bildirib ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabata, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılacaq. Həmçinin, altı qanun layihəsi müzakirə olunacaq.

Vurğulanıb ki, COVİD-19 yayılmasına qarşı Azərbaycanda müxtəlif istiqamətlərdə dövlət tərəfindən tədbirlər həyata keçirilib. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiya ilə mübarizədə uğurlar qazanılıb. Həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda azalma aşağı səviyyədə olub. Komitə sədri deyib ki, bu ilin 7 ayı ərzində ümumdaxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım olub. Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir.

Tahir Mirkişili qeyd edib ki, sentyabrın 9-da Prezidentin fərmanı ilə İqtisadi Şura yaradılıb. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulub. Qeyri-neft sektorunun inkişafı insan kapitalından istifadəni nəzərdə tutur. İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir.

Qeyd edilib ki, Maliyyə nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq. Bildirilib ki, 2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu büdcə ilk dəfə orta müddətli xərclər əsasında hazırlanıb.

Komitə sədri pandemiya dövründə parlamentdə iclasların səmərəli və keyfiyyətli keçirilməsi sahəsində göstərdiyi diqqət və qayğıya görə Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya komitə adından minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, komitə üzvləri seciçilərlə onlayn qəbullar keçirib.

Qeyd edildi ki, komitədə 26 iclas keçirilib bu iclaslarda 96 məsələ, o cümlədən 94 qanun layihəsi və 1 rəy geniş müzakirə edilib. Bu dövr ərzində Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat, “2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi komitədə geniş müzakirə olunub.

Bildirildi ki, keçirilən iclaslardan 14 video-konfrans formatında onlayn keçirilib. Yaz sessiyada komitəyə 24 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, onlardan 15 tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 8 ərizə işə alınıb.
Deputatlar 2020-ci il yaz və növbədənkənar sessiyalarda komitənin fəaliyyətini qənaətbəxş olduğunu nəzərə çatdırıblar.

2020-ci il payız sessiyasında görüləcək işlər barədə məlumat verilərək bildirilib ki, bu müddətdə “Turizm haqqında”, “Lombardlar haqqında” və digər sənədlərə baxılması, dinləmələrin keçirilməsi nəzərdə tutulur. İclasda komitənin iş planı təsdiqləndi.
Sonra Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Əsmər İsmayılova “Müstəqil Dövlətlər birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında sənədi təqdim etdi. Bildirildi ki, Saziş 2019-ci il 31 may tarixində Aşqabad şəhərində imzalanıb. Sazişdə əqli mülkiyyət obyektləri üzərində hüquqların qorunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məqamlar əks olunub.



İclasda Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim etdi. Qeyd edildi ki, təklif olunan dəyişiklik qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bildirildi ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi Azərbaycan Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Bu məqsədlə Məcəllənin 102.4.4-cü maddəsi ləğv olunur, 102.3-cü maddəsinə müvafiq düzəliş edilir. Düzəlişə görə daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artıraraq 200 manat məbləğində müəyyən edilməsi, həmçinin gəlir vergisi üzrə güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsi nəzərdə tutulur.

Gündəliyin növbəti məsələsini Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edərkən bildirdi ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılıb. Bununla bağlı Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutulub. Bu qanunların bir sıra maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunması təklif olunur. Belə ki, bu sənədlərdə nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statuslu Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi həyata keçirəcək. Həmin qanunlarla bir paketdə daxil olan “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə “Dövlət orqanı anlayışı” maddəsindən dövlət orqanının Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Bu dəyişiklik həmin qurumların publik hüquqi şəxsə çevrilməsi və dövlət orqanı statusunu itirməsi ilə bağlıdır.

Sonra Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva “Mülki Prosessual Məcəlləsində, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” (birinci oxunuşda) təqdim etdi. Söylədi ki, həmin qanun layihəsi 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılma məqsədilə hazırlanmışdır. Bu qanuna yeni bir anlayış – “məcburi nişanlanma ilə nişanlanmalı olan mallar” anlayışı daxil edilib.

Sonra bildirildi ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə qanunvericiliyə yeni bir anlayış – “məcburi nişanlanma ilə nişanlanmalı olan mallar” anlayışı daxil edilmişdi.
İclasda komitənin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov və Aydın Hüseynov qanunvericiliklə bağlı öz fikirlərini bildirdilər.

Tədbirdə iştirak edən Məşhur Məmmədov, Rüfət Quliyev, Ziyad Səmədzadə, İqbal Məmmədov, Məzahir Əfəndiyev fikir və rəylərini bildirdilər.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Azvision.az

Teqlər: Milli-Məclis   Komitə