Dünənki “yürüş” və “demokratiyanın beşiyində” boğulanlar - FOTOLAR

Dünənki “yürüş” və “demokratiyanın beşiyində” boğulanlar -  FOTOLAR
  11 Sentyabr 2020    Oxunub:21757
Dünən bir qrup şəxs həbsdə olan müxalifətçi Tofiq Yaqubluya azadlıq tələbi ilə Bakının mərkəzində icazəsiz aksiya keçirməyə cəhd edib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan təşkil olunan küçə yürüşünün qarşısı polis əməkdaşları tərəfindən alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.
Rəsmi məlumata əsasən, aksiya zamanı hər hansı insident qeydə alınmayıb, saxlanılan və həbs edilən olmayıb.

Sosial şəbəkələrdə yayılan videolardan göründüyü kimi xidməti vəzifəsini yerinə yetirən polislər yürüş iştirakçılarına nəzakətlə davranaraq, onları qanuna tabe olmağa çağırır və hətta asayişi pozmamağı, ərazidən uzaqlaşmağı xahiş edirlər. Ancaq Azərbaycan polisinin bu cür nümunəvi davranışına baxmayaraq, bəzi müxalifətçilər asayiş keşikçilərinə bilərəkdən kobud münasibət göstərir, bu azmış kimi təhqirlərə əl ataraq vəziyyəti gərginləşdirməyə çalışırdılar.

Nəticədə çirkin istəklərinə nail ola bilməyən təxribatçılar aksiyada lentə alınan bəzi görüntüləri sosial şəbəkə səhifələrində paylaşaraq guya polis zorakılığına məruz qaldıqlarını iddia etməyə başlayıblar. Hansı ki, cəmi bir neçə dəqiqə çəkən yürüşdə zorakılıq halından söhbət gedə bilməz. Polis sadəcə öz üzərinə düşən vəzifəni yerinə yetirərək ictimai asayişin pozulmasının qarşısını alıb.

Əlbəttə, ilk dəfə deyil ki, icazəsiz aksiya, küçə yürüşünə cəhdlər olarkən nədənsə qanunun tələbləri yox, hər dəfə ərazidə xidmət aparan asayiş keşikçiləri tərəfindən belə qanunsuz tədbirlərin qarşısının alınması məsələsi şişirdilir. Halbuki, bir çox Qərb ölkəsindən fərqli olaraq Azərbaycanda razılaşdırılmamış küçə yürüşlərində polisin tələblərinə uymayanlara qarşı dərhal rezin güllələr, polis dəyənəyi, gözyaşardıcı qaz və ya xüsusi təlim keçmiş itlərdən, eləcə də atlardan istifadə olunmur. Daha doğrusu, indiyədək ölkəmizdə belə mənzərənin şahidi olmamışıq. O zaman hansı zorakılıqdan danışmaq olar?


(Foto Avropada lentə alınıb)

Polis kiminsə qolundan tutub kənara çəkirsə, vətəndaşı qanuna tabe olmağa çağırırsa, budurmu zorakılıq? Buna zorakılıq deyirsinizsə, o zaman aksiyadakı hicablı qadının polislərə küçə söyüşü ilə müraciət etməsinə nə ad vermək olar?



Özlərini “demokratiya” aşiqləri kimi qələmə verən bir ovuc müxalifət fəalı nədənsə, xəyallarında yaşatdıqları Qərb ölkələrində baş verənləri görməzdən gəlir, Avropa və Amerika küçələrindəki amansız zorakılıq hallarına qara eynəklə baxırlar. Sanki heç nə olmamış kimi rəftar edirlər. Azərbaycana gəldikdə isə, bu cür manqurtlaşmış insanlara qarşı sonadək təmkin və səbr nümayiş etdirən şərəfli polislərimizi gözdən salmaq üçün ən çirkin yollara əl atırlar.

Əslində polis zorakılığı necə olur?

Gəlin, “demokratiyanın beşiyi”ndə baş verənlərə bir daha nəzər salaq. Başlayaq okeanın o tayından.

ABŞ polisinin nəinki etirazçılara davranışı, dinc vətəndaşlara, xüsusən də qaradərililərə münasibəti olduqca amansızdır. Bunu təsdiqləyən onlarla görüntü və faktlar mövcuddur. Demək olar ki, hər ay ABŞ-da polis zorakılığı ilə müşahidə olunan aksiyalar keçirilir.



Misal üçün, ötən ay ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində bir neçə gün davam edən etiraz aksiyalarını nümunə göstərə bilərik. Böyük etirazlara səbəb olan hadisə afroamerikalı Ceykob Bleykom adlı şəxsin polis tərəfindən günahsız yerə silahla vurulması ilə bağlı idi. O zaman yerli və dünya mediasında polisin Ceykob olayına etiraz edənlərə göstərdiyi xüsusi amansızlığı əks etdirən görüntülər ciddi müzakirələrə yol açmışdı.

Hansı ki, məlum hadisələr ABŞ-ı bir-birinə qatan Corc Floyd olayından bir müddət sonra təkrarlanmışdı.

Yəqin ki, xatırlayırsınız.



Polis saxladığı vətəndaşı yerə uzadır, dizini boğazına dirəyərək onu boğmağa başlayır. Vətəndaş dəfələrlə "nəfəs ala bilmirəm, boğuluram" desə də, polis buna əhəmiyyət vermir. Nəticədə həmin şəxs dünyasını dəyişir.

Söhbət ABŞ-da kəskin etirazlarla nəticələnən afroamerikalı Corc Floydun polislər tərəfindən öldürülməsindən gedir. Hadisə bu il may ayının 25-də baş verib.

Corc Floydun saxlanılma zamanı polis zorakılığına məruz qalması təkcə Birləşmiş Ştatlarda deyil, dünyanın bir sıra ölkələrində etirazlara səbəb olmuşdu.





Bu, əlbəttə ki, dünyada, demokratiyanın beşiyi sayılan ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də çoxsaylı xoşagəlməz nümunələr var.



Yeri gəlmişkən bir məqamı da vurğulayaq ki, son illər ABŞ-da polisin öldürdüyü qaradərili amerikalıların sayının artması nədənsə beynəlxalq insan hüquq təşkilatlarını narahat etmir. Qərbdə hüquq-mühafizə orqanlarının zorakılıqları ilə bağlı aşkar faktlar üzə çıxanda başqa vaxt insan haqlarından dəm vuran beynəlxalq təşkilatlar nədənsə susmağa çalışırlar. Halbuki, Azərbaycan kimi ölkələrdə yaşanan hansısa sıradan, kiçik hadisələr dərhal həmin təşkilatları "narahat" etməyə başlayır və təzyiqlərin ardı-arası kəsilmir. Təzadlı deyilmi?



“Demokratiyanın beşiyi”ndə küçələrdə tapdalanan insan haqları onların heç vecinə deyil. Bu cür hadisələr Qərbdə yox, hansısa başqa ölkələrdə yaşansaydı, beynəlxalq reaksiyaların necə olacağını təsəvvür etmək o qədər də çətin olmazdı.

Bəs Amerika arzuolunmaz polis zorakılıqlarına görə seçilən yeganə ölkədirmi? Əlbəttə, yox. Götürək elə Avropanı. “Sarı jiletlilər”dən başlayaraq onlarla nümunələr göstərmək olar.



Bir müddət əvvəl Fransanın Nantes şəhərində polisin keçirdiyi reyd zamanı əmrə tabe olmayan gənc sürücüyə atəş açılması şəhərdə ciddi etirazlar doğurmuşdu. Aksiyalara başlayan gənclərlə polis arasında toqquşmalar zamanı yaşananlar insanlıq adına utancverici idi.



Polis dinc vətəndaşları dəyənəklə vurur, təhqir edir, su şırnaqları və rezin güllələrdən istifadə edərək aksiyaları dağıdırdı.



Avstriya, Almaniya, Böyük Britaniya, İspaniya və digər Avropa ölkələrində baş vermiş polis zorakılığını yəqin ki, bu ölkələrin vətəndaşları da uzun müddət unutmayacaqlar.



Məlumat üçün bildirək ki, Avstriya polisi saxladığı vətəndaşın başını avtomobilin təkərinin qarşısına qoyaraq sürücüdən onu sürməyi tələb etmişdi. Avtomobil hərəkətə gəldikdə isə vətəndaş son anda təkərin altından çıxarılmışdı.

Nəinki ötən il, hətta pandemiya dövründə də Avropa ölkələrində keçirilən aksiyalarda buna bənzər çoxsaylı hadisələr yaşanıb.



Görünən odur ki, ABŞ və Avropada insan haqlarının kobud şəkildə pozulması artıq adi hala çevrilir. Kimsə bu barədə danışmaq, yaşananları yada salmaq istəmir. Bəyəm bu ölkələrdə polis dəyənəyi altında əzilənlər insan deyilmi?







Avropada və ABŞ-da tapdalanan haqlar, döyülən müxalifətçilərlə bağlı onlarla faktı qeyd etmək olar. Bunları gördükləri halda "xahiş edirəm, qanuna tabe olun" deyən Azərbaycan polisini zorakılıqda ittiham etmək ən azından vicdansızlıqdır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Yürüş   Aksiya   Polis  





Xəbər lenti