Test imtahanının nəticələri açıqlandı

Test imtahanının nəticələri açıqlandı
  11 Sentyabr 2020    Oxunub:2528
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati rəhbər vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
DİM-dən Azvision.az -a bildirilib ki, imtahan nəticələri mərkəzin saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak üçün qeydiyyatdan keçən 1417 namizəddən 23-ü imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 28 nəfər, BA3 altqrupu üzrə 37 nəfər, BA4 altqrupu üzrə 43 nəfər, BB1 altqrupu üzrə 109 nəfər, BB2 altqrupu üzrə 90 nəfər olmaqla, BB3 altqrupu üzrə 148 nəfər, BB4 altqrupu üzrə 165 nəfər ümumilikdə 626 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün sentyabrın 24-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilən məlumatların və əlavə edilən sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilən vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 11, 14 və 15 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti