Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
  11 Sentyabr 2020    Oxunub:2212
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manat olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Bu dövrdə sənaye məhsulu 14,5 faiz, kənd təsərrüfatı məhsulu 26,8 faiz artıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Sahibkarlara göstərilən hərtərəfli dəstək, ixracın təşviqi sahəsində aparılan ardıcıl tədbirlərin nəticəsi olaraq 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. Bu tendensiya cari ilin yanvar-iyul aylarında da qorunub saxlanılmış, 189 milyon 399 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Belə ki, cari ilin yeddi ayında muxtar respublikanın xarici ticarət dövriyyəsi 256 milyon 878 min 100 ABŞ dolları təşkil edib ki, bunun da 33 milyon 739 min 200ABŞ dolları idxalın, 223 milyon 138 min 900 ABŞ dolları isə ixracın payına düşüb.

Cari ilin yanvar-iyul aylarında ümumi ixracın 76 faizini və ya 169 milyon 573 min 300 ABŞ dollarını sənaye, 24 faizini və ya 53 milyon 565 min 600 ABŞ dollarını kənd təsərrüfatı məhsulları təşkil edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti