Əhali ərzağa 13,3 milyard manat xərcləyib

 Əhali ərzağa 13,3 milyard manat xərcləyib
  11 Sentyabr 2020    Oxunub:4412
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 mlrd. manatlıq, o cümlədən 13,3 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 mlrdş manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9%, fərdi sahibkarlar üzrə 1,1% artıb, bazar və yarmarkalarda isə 13,7% azalıb.

2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində hər bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb.

Azvision.az



Teqlər: DSK   Ərzaq  





Xəbər lenti