İnam Kərimov videokonfrans keçirdi

İnam Kərimov videokonfrans keçirdi
  13 Sentyabr 2020    Oxunub:3722
Kənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalında mövcud duruma dair istehsalçı şirkətlərin nümayəndələri ilə onlayn videokonfrans keçirilib.
Görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri, fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahə üzrə tədbirlər müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi də buna uyğun olaraq ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı davamlı addımlar atır. Aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, vətəndaşların keyfiyyətli və əlçatan ərzaq məhsulları ilə təminatı həyata keçirilir. Nazirliyin qarşısında duran əsas hədəflərdən biri aqrar məhsulların ixrac potensialının artırılmasıdır. Dövlət bir çox sahələr kimi üzümçülüyün də inkişafına subsidiya mexanizmi vasitəsilə dəstək verir.

Görüşdə üzümçülük sahəsində ting təminatının vacib məsələlərdən biri olduğu vurğulanıb. İştirakçılara Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində istehsal gücü ildə 500 min ədəd fillokseraya davamlı calaq olan emalatxananın inşa edildiyi barədə məlumat verilib. Tinglik kompleksinin calaqaltı və calaqüstü əkin materialı ilə təmin edilməsi məqsədilə 20 hektar ərazidə calaqüstü anaclıq bağı və 10 hektar sahədə fillokseraya davamlı calaqaltı anaclıq bağı salınıb. Bu müəssisənin inşası üzümçülükdə xəstəliklərə davamlı tinglərlə tanaşı, məhsuldar tinglərə olan tələbatın ödənilməsində də əsas rol oynayacaq.

Görüş iştirakçıları pandemiya şəraitində məhsul istehsalı və aqrar emalın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbatın azaldığını, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandığını qeyd ediblər. Bildirilib ki, şərab məhsullarının anbarlarda qalması müəssisələrə əvvəlki həcmdə məhsul almaq və şərab istehsal etməyə imkan vermir. Bu səbəbdən Azərbaycanda emal müəssisələri tərəfindən texniki və süfrə üzümlərinə tələbat zəifləyib.

Çıxışlar zamanı şərabçılığın inkişafı üçün milli normativ texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı üçün emal müəssisələrinin qurulması kimi təkliflər səsləndirilib. İştirakçılar üzüm istehsalçıları ilə şərab və şərab məhsulları istehsal edən şirkətlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi barədə ortaq fikrə gəliblər.

Görüşün yekununda şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bu sahənin inkişafı, mövcud çətinliklərdən çıxış yolları barədə təkliflərini hazırlayaraq nazirliyə təqdim etmək tövsiyə olunub.

Qeyd edək ki, yaxın günlərdə ölkə üzrə kütləvi üzüm yığımına başlanacaq. Hazırda respublika üzrə 16,1 min hektar üzüm sahəsi mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir. Ötən il bar verən 14521,8 hektar üzüm sahəsindən 201,7 min ton məhsul yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,2 min ton çoxdur. Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir. Bu günə qədər 14521,8 bar verən üzüm sahələrindən 27,5 min ton məhsul yığılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti