Bu gündən dərslər başlayır
2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənilir. Onlardan 733 min 279 nəfəri qız, 840 min 927 nəfəri oğlandır.
Ümumi təhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI sinfində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində 121 min 696 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacaq.
Proqnoz üzrə 2020-2021-ci tədris ilinin başlanğıcında respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3 min 319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, eləcə də 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 440 məktəb fəaliyyət göstərəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) formada keçiriləcək. Həmçinin V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq.
Ümumtəhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumtəhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqə olacaq.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.
Azvision.az