Ollandı Türkiyəyə gətirən səbəb – TƏHLİL

Ollandı Türkiyəyə gətirən səbəb – TƏHLİL
  28 Yanvar 2014    Oxunub:1368
Fransa prezidenti Fransua Ollandın Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Fransua Olland türkiyəli həmkarı Abdulla Gül, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyənin müxalifətçi CHP partiyasının sədri Kemal Kılıçdaroğlu ilə görüşüb. Qeyd edək ki, son 22 il ərzində ilk dəfədir ki, Fransa prezidenti Türkiyəyə səfər edir.

Rəsmi açıqlamaya əsasən səfər çərçivəsində ikitərəfli əlaqələr, Türkiyənin Avropa Birliyinə üzvlüyü, regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. Bəzi mənbələr isə, müzakirə olunacaq məsələlərin gündəliyində “ermənilərin soyqırımı” məsələsinin də olduğunu bildiriblər.

Avropada Türkiyəyə qarşı birmənalı müsbət mövqeyi ilə seçilməyən Parisin Ankaraya əl uzatmasının arxasında hansı məqsədlərin dayandığı maraq doğurmaya bilməz. Təbii ki, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər mövcuddur və bu məsələlərin başında Suriya dayanır. Bunu əminliklə demək olar ki, Ollandın səfərinin əsas məqsədi Suriya ilə bağlıdır.

2013-cü ilin sonlarından etibarən yaxın Şərqdə qüvvələr balansının dəyişməsi fonunda Fransanın rolunun güclənməsi müşahidə olunmağa başladı. Belə ki, həmin ilin avqust ayında Suriyada kimyəvi silahın aşkar olunmasından sonra gözlənilənlərin əksinə olaraq Amerika Bəşər Əsədə qarşı hərbi müdaxiləyə start vermədi. Vaşinqtonun mövqeyində Suriya məsələsində yumşalma müşahidə olunmağa başlandı. ABŞ nəinki hərbi müdaxilə, hətta Suriya müxalifətçilərinə kütləvi şəkildə silah göndərilməsinə belə etiraz etdiyini bildirdi.

Amerikanın yumşalması Suriyada şiələrin hakimiyyətinin sonunu səbirsizliklə gözləyən sünni ərəb dövlətlərinin - əsəsən isə Səudiyyə Ərəbistanının ürəyincə olmadı. Fransa prezidenti yaranmış boşluqdan öz dövlətinin iqtisadi maraqlarını təmin etmək, gələcəkdə isə geosiyasi mövqeyini gücləndirmək üçün sünnilərə şiələrlə mübarizədə dəstək vermək qərarına gəldi.

Söhbət Suriyada Əsəd Rejiminə qarşı mübarizə aparan müxalifətçilərə silah satışından gedir. Səudiyyə Ərəbistanı Misir prezidenti Muhammed Mursinin hakimiyyətdən devrilməsi ilə “Müsəlman qardaşları” təşkilatının mövqeyinin zəifləməsindən məharətlə istifadə etdi və Suriya müxalifətinə öz namizədi olan Əhmad Carbanın rəhbər seçilməsinə nail oldu. Bununla da, regionda Əsədə qarşı olan qüvvələrin baş əlaqələndiricisi rolunda Qətəri əvəz elədi.

Yaranmış yeni reallıqları nəzərə alaraq Fransa prezidenti Fransua Olland 2013-cü ilin sonunda geniş heyətlə Səudiyyə Ərəbistanına səfər etdi və kral Abdulla bin Abduləzizlə görüşdü. Əldə olunmuş razılığa əsasən 2014-2015-ci illər ərzində təxminən 4 milyard dollar dəyərində Fransa silahının Səudiyyə Ərəbistanına satışı nəzərdə tutulur. Bu silahın ilk növbədə Suriyada Əsəd rejiminə qarşı mübarizə aparan müxalifətçilərə, eyni zamanda Livanda “Hizbullah” təşkilatı ilə mübarizə aparan hökumət qüvvələrinə ötürülməsi planlaşdırılır.

Suriya ilə Livan neft və qaz ehtiyyatları ilə zəngin Yaxın Şərqin Aralıq Dənizinə çıxması üçün ən optimal dəhliz hesab olunur. Bu marşruta sahib olman Avropaya çəkiləcək ən vacib enerji marşrutuna nəzarət edə biləcək. İran və Suriyanın Livanı “Hizbullah” vasitəsi ilə nəzarətdə saxlamalarının səbəbi də məhz budur. Xatırlatmaq yerinə düşər ki, İran, İraq, Suriya və Livan ərazilərindən Aralıq dənizinə çıxan qaz xəttinin çəkilməsi barədə bu dövlətlər arasında razılıq əldə olunmuşdu və 2011-ci ildə boru kəmərinin inşası işlərinə başlanılmalı idi. Lakin Suriyada vətəndaş müharibəsinin baş qaldırması bu planların reallaşmasına imkan vermədi.

Səudiyyə Ərəbistanının məqsədi də məhz bu nəqliyyat xəttinə nəzarəti əldə etməkdir ki, belə olan təqdirdə həm neft və qaz satan ərəb ölkələri, həm də bu məhsula ehtiyacı olan Avropa dövlətləri ondan asılı düşsün. Bu işdə ərəblərə yardım edən Fransa bir tərəfdən silahını satmaqla əlavə gəlir əldə edir, digər tərəfdən belə mühüm regionda mövqe tutmağa çalışır.

Ancaq Fransa ilə Səudiyyə Ərəbistanının bu planları yalnız Türkiyənin razılığı ilə baş tuta bilər. Belə ki, Suriya müxalifətçilərinə silahın göndərilməsi üçün ən asan və təhlükəsiz yol Türkiyədən keçir. Olland ərəblərlə iş birliyinə girmək üçün Ərdoğanın razılığını almalıdır. Fransa prezidenti anlayır ki, Ərdoğan “Müsəlman qardaşları” təşkilatının zəiflədilməsi və Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından narazıdır. Ancaq digər tərəfdən, bu heç də o demək deyil ki, Ərdoğan özünün də oyundan kənar vəziyyətə düşməsini istəyir.

Təbii ki, Ollandın Ərdoğanın razılığını alması müqabilində Ankaraya təklif edə biləcəyi kifayət qədər cazibədar təklifləri ola bilər. Məsələn Türkiyəyə AB-yə daxil olmasında yardım göstərmək, yaxud “erməni soyqırımı” məsələsini qaldırmamaq, hətta Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi daha ədalətli mövqedə dayanmaq kimi təkliflər buna misal ola bilər.

Həmçinin, korrupsiya qalmaqalı ilə Türkiyənin Avropanın gözündə ləkələnmiş demokratik imicinin bərpasına da Paris yardımçı ola bilər. Olland bu məqamdan irəli gələrək Türkiyədə may ayında keçiriləcək prezident seçkilərini də nəzərə alıb və hər ehtimala qarşı əsas müxalifət partiyasının rəhbəri Kemal Kılıçdaroğlu ilə də görüşüb. Türkiyədə qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkin həyat yoldaşı ilə prezident Ollandın görüşü Türkiyə ilə yaxınlaşmadan narahat olan Fransanın erməni icmasını müəyyən qədər sakitləşdirmək məqsədi daşıya bilər.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti