3 kəndi birləşdirən yolun tikintisi yekunlaşır

  15 Sentyabr 2020    Oxunub : 1933
3 kəndi birləşdirən yolun tikintisi yekunlaşır
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 km uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minə yaxın əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.



18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilib. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti, sonuncu mərhələsi üzrə artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edir. Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub.



Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da layihə üzrə nəzərdə tutulur.

Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.



Azvision.az

Teqlər: AAYDA   Yol   Təmir