Belarusun tarix və tale böhranının diaqnozu: Lidersizlik – TƏHLİL

   Belarusun tarix və tale böhranının diaqnozu: Lidersizlik –    TƏHLİL
  16 Sentyabr 2020    Oxunub:14286
Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq avqustun 9-dan başlayan və hələ də davam edən kütləvi aksiyalar ölkənin gələcəyini sual altına alacaq mərhələyə qədər dərinləşib. Xaricdən müdaxilələr yolu ilə təşkil olunan aksiyaların rejissorlar əsasən Polşa və Litvadan hadisələri idarə edirlər. Kütləni yönəldən radikal telegram-kanalların, məşhur “Nexta” da daxil olmaqla, çoxunun adminləri Polşada yaşayırlar. Bəs Polşanı bu dərəcədə maraqlı tərəfə çevirən nədir?
Əlbəttə ki, “demokratiyaya dəstək” kimi nağılları kənara qoysaq, Qərbin Belarusdakı proseslərə birbaşa müdaxilə imkanı olmadığından, bunu Polşa vasitəsilə edir. Amma Polşanın birbaşa özünün də Belarusda böhranın davam etməsində, hətta bu ölkənin parçalanmasına qədər dərinləşməsinə maraqları var. Polşanın Belarusun qərb hissəsini ələ keçirmək istəməsilə bağlı Lukaşenkonun iddiaları hazırki dövrdə nə qədər populist səslənsə də, heç də əsassız deyil. Zaman-zaman Polşanın müxtəlif ranqlı liderləri bu ərazilərə olan iddialarını səsləndiriblər və uzun illərdir bu istiqamətdə təbliğati işləri aparılır. Polşa hesab edir ki, Belarusun indiki ərazisinin bir qismi Reç Pospolita dövründə ona məxsus olub və hələ də həmin torpaqları geri qaytarmaq fikrini kənara qoymayıb.

Bundan əlavə, Ukrayna ilə Belarus sərhəddndə yerləşən mübahisəli Polosiya əyaləti ortaq xətt prinsipinə əsasən iki ölkə arasında bölünsə də, Ukrayna milliyyətçiləri vaxtaşırı Krımla yanaşı, Polosiyanın da onlara aid olmasını dilə gətirirlər.

1569-cu ildə Lyublin Uniyasının imzalanması ilə yaradılan Reç Pospolita Polşa Krallığı ilə Böyük Litva Knyazlığından ibarət konfederasiya idi. İndiki Polşa, Belarus, Ukrayna, Litva, qismən də Rusiya, Moldova, Latviya ərazilərini əhatə edirdi. Amma tarixən Belarus ərazisi Reç Pospoliyata daxil olanda da Rusiyanın təsir əhatəsində idi.

Bu gün Polşa, Litva, Ukrayna “Lyublin üçbucağı” adlanan ittifaqda birləşiblər. Antirusiya xarakterli bu üçbucağa Belarus da qoşulsa, bir növ tarixi Reç Pospolita virtual şəkildə bərpa edilmiş olacaq. Bunun üçün Belarusda hakimiyyət dəyişdirilməli, qərbyönümlü qüvvələr iqtidara gətirilməlidir. Polşa və Litvanın Belarus hadisələrində göstərdikləri canfəşanlıq həm də bununla bağlıdır. Onlar Belarusu Rusiyadan uzaqlaşdırıb öz tərəflərinə çəkmək üçün həm leqal siyasi-iqtisadi layihələr irəli sürür, həm də pərdəarxası oyunlar oynayırlar.

Amma sanki tarix təkrarlanır: Reç Pospolitanın vaxtında olduğu kimi, Rusiya yenə Belarusu özünə tərəf çəkməyi bacarır. Belarusda dinc etirazların inqilaba çevrilməsi və ölkəni nəzarətdə saxlamaq üçün silahlı müdaxilənin həyata keçirilməsi zərurətinin yaranması Moskva üçün ən arzuolunmaz ssenaridir. Çünki bu halda, ilk növbədə Polşa öz tarixi ərazilərini bərpa etmək üçün, daha sonra isə Ukrayna Rusiyanın ilhaq etdiyi əraziləri Belarusun hesabına kompensasiya etmək üçün bu ölkəyə silahlı müdaxilə edə bilərlər. Yaranmış qarışıqlıqdan Rusiyaya qarşı ərazi iddiaları olan üç Baltikyanı ölkənin yararlanaraq müharibəyə qoşulması və NATO-nun bu ölkələrə dəstək verəcəyi də istisna olunmamalıdır. Yəni hər şey son dərəcə qəlizləşə bilər. Məhz bu səbədən, Rusiya heç bir ölkənin Belarusun daxili işlərinə qarışmamasını təkidlə tələb edir, paralel olaraq Belarusda etirazları sakitləşdirməyə çalışır.
Lukaşenko: "Oreşnik"ə qarşı antidot yoxdur, onu vurmaq mümkün deyil"

Amma eyni zamanda, Rusiya da Belorusun gələcəyini müstəqil, suveren dövlət kimi yox, yaradacaqları ittifaqın bir hissəsi kimi görür. Beləliklə, Belarus iki qüvvənin arasında qalıb və onların hər hansı birinə sığınmaq ölkənin gələcəyi baxımından yaxşı heç nə vəd eləmir. Çünki hər iki tərəfə Belarus, onun gələcəyi, taleyi yox, özlərinin planları maraqlıdır.

Belə vəziyyətdə yaranmış siyasi böhrandan çıxış yolunu Moskvanın dəstəyində görən Aleksandr Lukaşenko, nəhayət ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşə bildi. Soçidə liderlər arasında baş tutan təkbətək görüşdən sonra medyaya açıqlanan məlumatdan aydın oldu ki, Rusiya Belarusun dövlət borcunun restrukturizasiyası üçün 1,5 milyard dollar həcmində kredit ayrılmasına razılıq verib. Bu kredit hesabına Minsk Moskvaya olan 1 milyard dollara yaxın olan borcunu ödəyəcək, yerdə qalan 500 milyon isə Belarus valyutasının möhkəmlənməsinə sərf olunacaq. Son bir ay ərzində davam edən etiraz aksiyaları Belarus valyutasına olan inamın azalmasına, ölkədən külli miqdarda valyutanın çıxarılmasına, nəticədə, iqtisadi vəziyyətin geriləməsinə səbəb olub. Odur ki, Lukaşenko üçün hazırki məqamda iqtisadiyyatın dirçəlməsildilməsi ona olan etimadın nisbətən bərpa olunmasında rol oynaya bilər.

Hələ ki, Lukaşenko regionda sabitliyin təmin edilməsi üçün əvəzedilməz fiqurdur. Guman ki, sonrakı mərhələdə Rusiya Belarusda özünə loyal olan siyasi fiqurların yetişdirilməsinə nail olacaq və növbədənkənar seçkilərdə onun seçilməsinə çalışacaq. Ona görə, Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanıdığını bir daha bəyan edən rəsmi Moskva, bununla belə, yeni konstitusiyanın qəbulunu dəstəklədiyini də vurğulayıb. Belarusun yeni konstitusiyasında prezidentin rolunun azaldılaraq, bəzi səlahiyyətlərinin parlament və nazirlər kabinetinə verilməsi nəzərədə tutulur. Yeni konstitusiya layihəsinin 2022-ci ildə qəbul olunması və bundan sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılır.
"Ukrayna hərbçiləri döyüşlərdən yorulublar" - Lukaşenko

Əslində Lukaşenko heç də Moskvanın maraqlarına cavab verən siyasi lider deyil və bunun əsas səbəbi Belarus prezidentinin illərdir Rusiya ilə vahid dövlətdə birləşmək müqaviləsinin icrasını müxtəlif bəhanələrlə yubatmasıdır. Ancaq hazırki məqamda Rusiyanın Lukaşenkonun hakimiyyətdə qalmasını dəstəkləməkdən başqa çıxış yolu yoxdur. Çünki Belarusda baş verə biləcək istənilən qarışıqlıq bu ölkəyə qarşı ərazi iddiaları olan Polşa və Ukraynanın yaranmış vəziyyətdən öz xeyirləri üçün istifadə etmələri ilə nəticələnə bilər.

Göründüyü kimi, Belarusun suverenlyi, ərazi bütövlüyü və gələcəyi ciddi tarixi sınaqla üzləşib. Bu problemlərin köklərini araşdıranda növbəti dəfə yeni müstəqil dövlətlərdə güclü liderlərin rolu məsələsi önə çıxır. Dövlətçilik şüuru və ideoloji bazası tam formalaşmamış cəmiyyətləri olan postsovet respublikalarında dövlət başçısının siyasi nüfuzu həm ölkə daxilində sabitliyin qorunması, həm də xarici müdaxilənin qarşısının alınmasında əsas rol oynayır. Hazırda Belarus Lukaşenkonun həmin fiqura çevrilə bilməməsinin acısını yaşayır və təəssüf ki, bu acının gələcəkdə daha da çoxala biləcəyi istsna deyil.

İşin ikinci tərəfi də var: Haqqında danışdığımız tip dövlətlərdə siyasi varisin əvvəlcədən müəyyən edilməsi də hakimiyyət dəyişikliyi prosesində dövlətçiliyin qorunub saxlanması baxımından əsas faktora çevrilir. Rusiya, Qazaxıstan, Özbəkistan və həmçinin, Azərbaycanda hakimiyyətin bu qaydada ötürülməsi ölkələrin növbəti inkişaf mərhələsinə itkisiz keçidini şərtləndirmiş əsas amildir. Belarusda isə siyasi proseslərin dalana dirənməsi və hətta dövlətin suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalmasının bir səbəbi də Lukaşenkonun siyasi varisinin olmamasıdır.

Tofiq Vahid
Azvision.az


Teqlər: Belarus   Lukaşenko   Rusiya  





Xəbər lenti