Naxçıvan iqtisadiyyatına 201 milyondan çox kredit ayrılıb
Maliyyə dəstəyinin 28 faizi sənaye, istehsal və kənd təsərrüfatı üzrə verilmiş kreditlərin payına düşür. Banklar tərəfindən cari ilin yanvar-avqust ayları ərzində verilmiş kreditlərin həcmi 119 milyon 399 min manat olub.
Həmçinin, vətəndaşların mənzillə təmin olunması məqsədilə banklar tərəfindən 2020-ci ilin yanvar-avqust ayları ərzində güzəştli şərtlərlə 20 nəfər, digər şərtlərlə 55 nəfər olmaqla ümumilikdə 75 nəfərə 2 milyon 489 min manat məbləğində ipoteka kreditləri verilib.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafına özünün töhfəsini verir və bu sahəyə böyük dəstək göstərməklə kreditlər ayırır. Belə ki, cari ildə bank tərəfindən 46 milyon 569 min manatdan çox kredit verilib.
Qeyd edək ki, banklar tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kreditlər ilk növbədə əhalinin məşğulluğunun təmin edilməsinə, müxtəlif istehsal və xidmət müəssisələrinin yaradılmasına, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatının daxili bazar hesabına ödənilməsinə yönəldilib.
Azvision.az