Ali təhsillə bağlı qanun layihəsi ictimai müzakirəyə çıxarılır

Ali təhsillə bağlı qanun layihəsi ictimai müzakirəyə çıxarılır
  21 Sentyabr 2020    Oxunub:3782
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” sənədin müzakirəsi daxil edilib.

Qanun layihəsinə təklif olunan dəyişiklikləri ətraflı şərh edən Bəxtiyar Əliyev qeyd edib ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. Müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə “Təhsil haqqında” qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır.



Komitə üzvləri Musa Qasımlı, Rafael Hüseynov, Etibar Əliyev, Müşfiq Məmmədli, Kamilə Əliyeva, Şahin Seyidzadə, Ceyhun Məmmədov sənədlə bağlı qeyd və təkliflərini bildiriblər.
Sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi məqsəduyğun hesab edilib.

Sonra onlayn toplantıda komitənin cari işləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupun tərkibinə dəyişiklik müzakirə olunub və təsdiq edilib. Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Azvision.az


Teqlər: MM   Komitə   İclas  





Xəbər lenti