“Qəbələ” türkiyəli məşqçi ilə yollarını ayırdı

“Qəbələ” türkiyəli məşqçi ilə yollarını ayırdı
  22 Sentyabr 2020    Oxunub:6103
“Qəbələ” Futbol Akademiyası baş məşqçisi Halim Fıçıcı ilə yollarını ayırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin klubdakı 12 illik fəaliyyəti başa çatıb. Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir.

Seleksiya prosesinə rəhbərlik edən H.Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində mühüm rol oynayıb. Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb. Azərbaycan yığmalarının məşqçiləri sırasında da akademiyanın çalışdırıcıları yer alıb.

“Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara H.Fıçıcının rəhbərliyi altında yollanıb. Akademiyanın komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 komanda 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edən komanda yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub.

Azvision.az


Teqlər: Qəbələ  





Xəbər lenti