Eldar Həsənov nə istəyir? - TƏHLİL

Eldar Həsənov nə istəyir? - TƏHLİL
  19 Mart 2013    Oxunub:10175
Son dövrlərdə kütləvi informasiya vasitələrində sabiq Baş prokuror, hazırda Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olan, eyni zamanda Serbiya, Bosniya-Herseqovina və Monteneqroda səfir kimi akkreditə edilmiş Eldar Həsənovun tutduğu vəzifədən geri çağırılması barədə Dövlət başçısına müraciət etməsi və bu addımın səbəbləri barədə müxtəlif yazılar dərc olunması diqqəti çəkir.

Azərbaycan təcrübəsində ilk dəfədir ki, səfir səlahiyyət müddəti başa çatmamış, necə deyərlər, isti yerindən kənara çəkilir, istefa vermək istəyir. Və ən maraqlısı budur ki, Prezidentə ünvanlı belə dövlət əhəmiyyətli müraciət hansısa saytda və KİV-lərdə sərgilənir. Dövlət başçısının bəlkə də özünün hələ xəbəri olmadığı məktub-müraciət saytlarda, necə deyərlər, əl-əl gəzir. İndi də bu müraciət ətrafında KİV-lərdə müzakirələr səngimir. Hər halda, diplomatik qaydalar, zənnimcə, belə hərəkti qəbul etmir.

Bununla bağlı “Təzadlar” qəzetində dərc olunan materialda xatırladılır ki, 26 aprel 2000-ci il tarixdə mərhum Prezident Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü olub. Bu görüşdə aparılan müzakirələrdən məlum olurdu ki, rəhbərliyi dövründə prokurorluq orqanlarında qeyri-sağlam mühit yarandığına, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verildiyinə, şəxsi məqsədlər naminə qanunlar pozulmaqla cinayətkarlara havadarlıq edildiyinə, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yol verildiyinə, özəl sektorun inkişafı yolunda ciddi maneə olan çoxsaylı qanunsuz yoxlamalar keçirilməsi kimi qanunsuzluqlar törədildiyinə görə Eldar Həsənov Baş prokuror vəzifəsindən azad edilib.

Hər bir dövlət qulluqçusu üçün karyerasının sonu hesab edilə biləcək belə vəziyyətdən sonra Heydər Əliyev çox böyük humanistlik və onun hakimiyyəti dövründə yetişmiş kadrlara qayğılı münasibət nümayiş etdirərək, 2001-ci ilin mart ayında Eldar Həsənovu Rumıniyaya səfir təyin etməklə ona növbəti dəfə şans verərək, etimad göstərdi. Görkəmli dövlət xadimi Heydər Əliyev, sonrakı illər ərzində Prezident cənab İlham Əliyev tərəfindən dəstəklənən bu addımın müqabilində, bütün etiket, subardinasiya və xidməti davranış qaydalarını pozaraq Eldar Həsənovun özünün karyera söhbətlərini ictimailəşdirməsi və gələcək vəzifə perspektivləri barədə fikirlərini gündəmə gətirməsi, ictimailəşdirməsi faktiki olaraq siyasi rəhbərliyin qəbul edəcəyi qərarlara qabaqcadan təsir göstərmək məqsədləri güdən hərəkətlər kimi qiymətləndirilməlidir. Eyni zamanda, hazırda ölkəmizin növbəti Prezident seçkiləri kimi taleyüklü siyasi prosesin astanasında olduğu sox həssas bir dövrdə, Xarici İşlər Nazirliyi sistemində ilk dəfə olaraq belə məzmunlu məsələnin qaldırılması onun arxasında çox uzaqlara gedən və siyasi xarakter daşıyan məqsədlərin olmasından xəbəb vermirmi?

«Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə» səfir vəzifəsindən geri çağrılmaq məsələsini gündəmə gətirməsi ilə faktiki olaraq xidməti yararsızlığını dilə gətirən Eldar Həsənov açıq-aşkar öz fəaliyyətini tərifləməklə, tərəfindən görülən işlərin əhəmiyyətini açıqlayaraq, təvazökarlıqdan uzaq və qeyri-səmimi mövqe tutmamışdırmı? Mən bir vətəndaş, heç bir siyasi partiya üzvü olmayan şəxs kimi, düşünürəm ki, Baş prokuror kimi böyük vəzifə tutmuş və bu sahədə yetərincə təcrübəsi olan Eldar Həsənov yaxşı başa düşməli idi ki, onun səviyyəsində olan dövlət məmurunun işinə onun özü tərəfindən deyil, tabeçiliyində fəaliyyət göstərdiyi qurumun rəhbərliyi və Dövlət başçısı tərəfindən qiymət verilə bilər. İdarəçilik prinsipləri və qaydalarından xəbərsiz olması görüntüsü yaratmaqla, əsl mənada səfir kimi fəaliyyətini tərifləyən Eldar Həsənov cəmiyyətdə özü barəsində «müstəsna qabiliyyətlərə malik» dövlət məmuru imici yaratmağa, respublikaya qayıtması yolunda maneələrin olması mövqeyini ictimaiyyətə «sırımağa» və əzabkeş obrazı yaratmağa çalışmırmı? Bəs o nə istəyir? Dövlətimizi səfir kimi təmsil etməkdən böyük vəzifə ola bilərmi? Axı, işdən getməyin də mədəni və sivil qayda-qanunları var, buna riayət edilməli deyilmi? Şəxsən, mən bir kəlbəcərli kimi, bunu ondan gözləmirdim. Arzuladığımın əksini gördüm. E.Həsənov başa düşməlidir ki, qazanılan uğurlar onun fəaliyyətinin deyil, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış müstəqil Azərbaycan Respublikasının xarici siyasət doktrinasının məqsədyönlü şəkildə reallaşdırılmasının nəticəsidir. Bütün nəticə isə həmişə olduğu kimi, dövlətmizin imicinə hesablanmalıdır. O, bunu nəzərə almışdırmı?

Vaqif Məmmədli
“Təzadlar”



Teqlər:  





Xəbər lenti