O, Naxçıvandır: Pandemiya Muxtar Respublika ilə bacarmayıb – TƏHLİL

  24 Sentyabr 2020    Oxunub : 9878
      O, Naxçıvandır:    Pandemiya Muxtar Respublika ilə bacarmayıb –    TƏHLİL
Ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 3 faiz azalıb. Dövlət Statistika Komitəsinin yanvar-avqust aylarının nəticələrinə dair məlumatında belə deyilir. İlin birinci yarısının yekununa görə? 2,7 faiz idi. Çünki il başlanandan bəri pandemiya şəraitiylə əlaqədar ikitərəfli təzyiq altındayıq.
Lakin söhbət tənəzzüldən getsə də, bu, o qədər də böyük rəqəm deyil. İlin 3-cü rübünün bitməsinə isə az qalır. 6 aydan çoxdur, pandemiya şəraitində yaşayırıq. Cari ilin nəticələrini ötən illə müqayisə etmək düzgün deyil. Çünki söhbət iqtisadi sistemin sırf daxili səbəblər üzündən qaynaqlanan tənəzzülündən getmir. Hazırkı sosial-iqtisadi durumumuzu xarici ölkələrlə yanaşı qoysaq, bizdə vəziyyət qənaətbəxşdir. O səbəbdən ki, əksər ölkələrdə tənəzzül ikirəqəmli səviyyədədir və 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət edib.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında isə tənəzzül yoxdur, əksinə, 0,7 faiz daha çox ÜDM istehsal edilib. Bu, çox maraqlı faktdır.

Naxçıvan Azərbaycanın ən inkişaf etmiş bölgəsidir. Naxçıvan Muxtar Respublikasında son illər ərzində əldə olunan inkişaf, sosial-iqtisadi və xüsusən də sənaye sahəsində atılan böyük və uğurlu addımlar digər bölgələr üçün örnək sayılır. Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında 1 mlrd 840 mln 976 min manat həcmində ÜDM istehsal edilib ki, bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz səviyyəsində çoxdur. Bu ilin ilk 8 ayı ərzində Muxtar Respublikada hər bir nəfərə düşən ÜDM istehsalı 3 min 999,5 manat təşkil edib ki, bu da ötən ilin 8 ayının göstəricilərinə görə müqayisədə 1,4 çox deməkdir.
Naxçıvanda Ermənistanın PUA-sı məhv edildi

Cari ilin ilk 8 ayı ərzində sözügedən bölgədə sənaye məhsulları istehsalı isə 758 mln 415,7 min manata bərabər olub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 1 faiz çoxdur.

Naxçıvanda özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirildiyini, xüsusən, sənaye məhsulları istehsalı sahəsində sahibkarlıq təşəbbüsləri və fəaliyyətinin birinci olaraq dəyənləndirildiyini əvvəllər də yazmışam. Elə bu səbəbdən də, bütövlükdə Azərbaycan iqtisadiyyanda qeyri-neft sektorunun inkişafı ən sürətli şəkildə həmişə burada təşəkkül tapıb və tapmaqda da davam edir.

Bunun nəticəsidir ki, ötən 8 ay ərzində dünya və ölkə iqtisadiyyatı pandemiya şəraitində nəfəs aldığı halda Naxçıvanda investisiyaların da həcmi artıb. Belə ki, ilin yanvar-avqust aylarında Muxtar Respublikada əsas kapitala 661,45 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Sözügedən rəqəm bütövlükdə ölkə üzrə isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faizə bərabər olub. Lakin bu zaman, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 19 faiz artdığı halda, qeyri-neft sektorunda 10,5 faiz azalıb. Bunlar olduqca, diqqətçəkən faktorlardır.


Regionların inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Məsələ isə bundadır ki, kommunal xidmətlərin və sosial infrastruktur təminatının yüksəlməsi, həmçinin sahibkarlıq mühitinin yaxşılaşması, investisiya qoyuluşunun artması, yeni müəssisə və iş yerlərinin açılması, nəticədə əhalinin məşğulluğunun genişlənməsi, yoxsulluq səviyyəsinin azalması kimi amillər ən sürətli şəkildə bundan əvvəl də Naxçıvanda öz əksini tapırdı və tapmaqda da davam edir.

Sözügedən bölgədə pandemiya şəraitində də ÜDM istehsalı və investisiya qoyuluşunun artması isə ayrı əhəmiyyət daşıyır. Məsələn, bir fakta da diqqəti cəlb edim ki, kənd təsərrüfatı məhsulu istehsalı müqayisəli qiymətlər üzrə 3,6 faiz artıb. Ölkə üzrə isə 1,9 faiz... Xatırladım ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən ümdə qoludur. Düzdür, dünya və ölkə iqtisadiyyatında eniş Naxçıvana da tam olaraq təsirsiz ötüşməyib. Belə ki, nəqliyyatda yük daşınması, pərakəndə əmtəə dövriyyəsi uyğun olaraq 1,4 və 0,9 faiz səviyyəsində enib. Ancaq əsas odur, koronavirus Naxçıvan iqtisadiyyatına hələki ciddi şəkildə təsir göstərə bilməyib. Və bu, Azərbaycan iqtisadiyyatının xarici təsir və böhrana qarşı bölgələr üzrə bir növ davamlılıq göstəricisi sayılır.

Sonda bir məqama da toxunum. Azərbaycan hazırda sanki pandemiya ilə postpandemiya arasında keçid dövrünü yaşayır. Dövlətimizin milyardlarla manat itkilərə yol verməsinə baxmayaraq, makroiqtisadi vəziyyət möhkəm xarakter daşıyır. Bunda Naxçıvan kimi bölgələrdə iqtisadi fəallığın passivliyə uğramaması çox mühüm təsirə malikdir.

Sözügedən amil həm də ondan irəli gəlir ki, ölkədə indiyədək həyata keçirilən islahatlar üzrə uğurların davamlılığını qoruyub saxlamaq, əhalinin artması ilə bağlı yaranan tələbi qarşılamaq üçün iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək, həmçinin infrastrukturu və sosial xidmətləri daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun imzası ilə 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi sənədlər də mühüm əhəmiyyət kəsb edir və icrası böyük töhvələr verir.

Odur ki, hesab edirəm, ölkəmizin hər bir bölgəsi üzrə də əgər qeyd olunan tərzdə Proqram sənədlər mövcud olarsa, yaxud da başqa sözlə desəm, işlənib hazırlanaraq həyata keçirilərsə gələcək qlobal iqtisadi kataklizmlərdən isə ümumiyyətlə, sığortalana bilərik.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Naxçıvan   ÜDM   Pandemiya