Gələn ilin büdcə proqnozları hazırlanır- Sərəncam

Gələn ilin büdcə proqnozları hazırlanır- Sərəncam
  30 Yanvar 2014    Oxunub:1391
Nazirlər Kabineti 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması və Prezidentə təqdim olunması məqsədi ilə sərəncam qəbul edib.

AzVision.az xəbər verir ki, Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2014-cü il sentyabrın 15-dək, İqtisadiyyat və Sənaye Nazirliyi növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını və digər sənədləri hazırlayıb Prezidentə təqdim olunması üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2013-cü ilin ilkin statistik məlumatlarını 2014-cü il fevralın 5-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək, həmçinin növbəti büdcə ili və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq əlaqədar nazirliklərə və təşkilatlara çatdırılmasını təmin etmək tapşırılıb.

Bundan başqa, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2014-cü il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə müvafiq məlumatları isə iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə 2015-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2014-cü il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2014-cü il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2014-cü il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2014-cü il iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək tapşırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü il üçün dəqiqləşdirilmiş, 2015-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun 2015-ci il üçün ilkin proqnozlarını 2014-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2014-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Həmçinin 2015-ci il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin orta illik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantı 2014-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantı isə avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmalıdır.

Vergilər Nazirliyinin regional və yerli bölmələrinə növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2014-cü il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etmək tapşırılıb.
Sərəncamda daha sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılır və bələdiyyələrə tövsiyə edilir ki, lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2014-cü il iyulun 15-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2014-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirliklərə, komitələrə və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlara tapşırılıb ki, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2014-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər. Habelə dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatlar hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim olunmalıdır.

Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə ili və növbəti üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.
Sərəncama əsasən, Nəqliyyat Nazirliyinə "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyinə isə "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək tapşırılıb.
Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə tövsiyə edilib ki, "Büdcə sistemi haqqında" qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2014-cü il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2014-cü il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidirlər. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə təkliflər isə Maliyyə Nazirliyinə təqdim olunmalıdır.

Sərəncamda Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə lazım olduqda, ölkənin növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etmək tapşırılıb.

Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycanın Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Nazirlər Kabinetinin "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər.


Teqlər:  





Xəbər lenti