Bakıda uşaq bağçaları yenidən fəaliyyətə başladı
Məktəbəqədər təhsil müəssisələrinin açılışına hazırlıq prosesində idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri tərəfindən orada geniş təmizlik, tibbi-profilaktik işlər görülüb, işçi heyət hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb, otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Səhər tezdən etibarən bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilərin valideynlərlə mütəmadi olaraq əlaqə saxlaması tövsiyə edilib. Həftə sonu hər bir bağçada tam dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.
Bu gündən etibarən paytaxtın bütün uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində fəaliyyət göstərəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.
Azvision.az