Moskva görüşü: Şərtləri Azərbaycan diqtə edir - TƏHLİL

    Moskva görüşü:  Şərtləri Azərbaycan diqtə edir -    TƏHLİL
  10 Oktyabr 2020    Oxunub:30872
Ötən gün Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında Moskvada görüş keçirilib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan görüş 11 saat davam edib.
Danışıqlar başa çatdıqdan sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov görüşün nəticələrinə əsasən, birgə bəyanatı elan edib. Bəyanatda deyilir:

“Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəliblər:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.


11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin şəraitdə keçdiyini göstərir. Əlbəttə, hazırkı şəraitdə humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatların gedişində Azərbaycanın Ordusu tərəfindən dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınması gözlənilən idi. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Geridə qalan 13 günlük müharibə diplomatik müstəvidə də Azərbaycanın mövqeyini xeyli möhkəmləndirdi. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və ölkəmizə qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşür.

Reallıq ondan ibarətdir ki, bütün bu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev siyasi təzyiqlərə sinə gəlir, məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Dövlət başçısı qətiyyətli mövqe sərgiləyərək Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısını alır, ölkəmizin haqlı mövqeyindən bir addım belə geri çəkilməyəcəyini diqqətə çatdırır.

Təbii ki, bugünkü həssas məqamda diplomatik gedişlərdə səhvə yol verilməsi hərbi üstünlüyümüzn əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “yox” deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Bu baxımdan rəsmi Bakının Moskva görüşünü qəbul etməsi və gərgin danışıqlarda iştirakı doğru addım kimi qiymətləndirilməlidir.

Bu gün hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə öz aqresiv siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması yenidən gündəmə gələcək.

Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Artıq təmas xətti deyilən anlayış yoxdur. Azərbaycanın qələbə qazandığı 13 günlük döyüşlər “münaqişənin hərbi həlli yoxdur” tezisini darmadağın etdi. Azərbaycan bütün dünyaya göstərdi ki, münaqişəni birdəfəlik həll etməkdə qərarlıdır. İstər sülh olsun, istərsə də müharibə, hər iki varianata hazırıq.

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirir, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Etiraf edək ki, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.

Nəticədə status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyev həm də məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir.

İndiyədək ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri, eləcə də Ermənistanı qane edirdi. Azərbaycan isə özü status-kvonu dəyişdi və danışıqlar masasında üstünlüyü ələ ala bildi.

Bundan əlavə, Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür.

Xatırladaq ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirmişdi: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

Bu günədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

Azvision.az


Teqlər: Qarabağ   Danışıqlar  





Xəbər lenti