Azərbaycanlı uşaqlara qarşı erməni terroru - FOTOLAR

 Azərbaycanlı uşaqlara qarşı erməni terroru -  FOTOLAR
  12 Oktyabr 2020    Oxunub:12461
İşğalçı Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 35 nəfər yaralanıb. Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizmi ilk deyil.
Bu ilin sentyabrın 27-dən düşmənin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən Goranboy rayonunun Qızılhacılı kənd sakini 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı yaralanıb.



Bundan əlavə, erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu , Naftalan rayonunun Qaşaltı kənd sakinləri 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova həlak olublar.

Uşaqlara qarşı erməni vəhişiliyi bununla bitmir. 2011-ci il martın 8-də düşmən snayperi tərəfindən səkkiz yaşlı Fariz Arzu oğlu Bədəlov qətlə yetirilib. Nənəsiylə birlikdə öldürülən on dörd aylıq Zəhra Quliyeva da erməni terrorunun qurbanlarındandır.

2016-cı il fevralın 13-də Füzuli rayonunun Alxanlı qəsəbəsində dünyaya gələn Zəhra, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində ermənilərin Alxanlını atəşə tutması zamanı nənəsi Sahibə Quliyeva ilə birlikdə həlak olub.



Bundan başqa, 2016-cı il Aprel döyüşlərində düşmənin Tərtərin Həsənqaya kəndini atəşə tutması nəticəsində 2000-ci il təvəllüdlü Kəlbəcər sakini Həsənli Turanə Kamandar qızı dünyasını dəyişib.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azvision.az -a açıqlamasında bildirib ki, azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsir.

“Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı hərbi hücumlar həyata keçirilir, birbaşa humanitar hüquqa zidd olan kaset bomabalar istifadə edilir. Nəticədə çoxlu sayda mülki vətəndaşlar zərər alıb, itkilər olub. Mülki əhalidən, xüsusilə qadınlar və uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilib. Ermənistan silahlı qüvvələri tərəfindən bağçalar, səhiyyə müəssisələri, məktəblər, xəstəxanalar və digər mülki obyektlər mütəmadi olaraq hücuma məruz qalır. Bu, beynəlxalq hüquq və beynəlxalq hümantiar normaları, eyni zamanda insanlığa qarşı cinayətdir. Bu cür hadisələr uşaq və qadınların həyatını gələcəkdə də risk altına qoyur. Sərhədyanı, təmas xəttinə yaxın ailələr risk altındadır və onlara sosial psixoloji dəstək göstərilməlidir”, - deyə komitə rəsmisi qeyd edib.

Hazırda Azərbaycan hökuməti tərəfindən kommunal resursların bərpa edildiyini, yaşamaq hüququnun təmin olunduğunu deyən Komitə rəsmisi qeyd edib ki, bu ailələrin hər biri ilə sosial iş aparılmalıdır.

“Gəncə və digər raket hücumlarına məruz qalan ailələrdə qorxu hissi, depressiya və digər problemlər müşahidə oluna bilər. Həmin dağıntılar altından çıxarılan uşaqların şəkilləri paylaşılır. Onların gözü qarşısında baş vermiş terror hadisəsi onlarda dərin iz buraxır. Bu hadisələr psixoloji olaraq travmatik nəticələrə gətirib çıxara bilər. Həmçinin onların təhsilinə, sosial inkişafına təsir edə bilər. Bunun məsuliyyəti Ermənistanın üzərindədir”.

E.Səfərov əlavə edib ki, Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı terror hərəkətləri ümumiləşdirilib hesabat formasında beynəlxalq təşkilatlara təqdim edilir.









(Gəncədə erməni vəhşiliyinin qurbanları)

Qeyd edək ki, münaqişə dövründə 200-ə yaxın azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 azyaşlı hələ də girovluqdadır. Xocalı faciəsi zamanı qətlə yetirilən 613 nəfər dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Xocalı faciəsində 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb.

İşğalçı Ermənistan bu gün də beynəlxalq hüquq və normalara məhəl qoyamaraq günahsız uşaqları qətlə yetirməyə davam edir. Təəssüflər olsun ki, beynəlxaq təşkilat və qurumlar erməni terroruna göz yumur, vandalizm aktlarına reaksiya vermirlər.





Aytən Zəhra
Azvision.az


Teqlər: Ermənistan   Azərbaycan   DağlıqQarabağ   Gəncə   Uşaq   Terror  





Xəbər lenti