Ermənilər 160 sahibkarlıq subyektinə ziyan vurub
İndiyədək Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır. Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və sair), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib. Sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı yekun məlumat və görüləcək tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, “[email protected]” elektron poçt ünvanı və ya agentliyin “www.smb.gov.az” saytının “Əlaqə” bölməsi vasitəsilə müraciət edə bilərlər.
Azvision.az
Teqlər: KOBİA