İki müsahibənin fərqi: Qalib lider və yalançı baş nazir - TƏHLİL

 İki müsahibənin fərqi:  Qalib lider və yalançı baş nazir -  TƏHLİL
  16 Oktyabr 2020    Oxunub:17601
Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə veriblər. Hər iki ölkənin rəhbərinə eyni suallar ünvanlanıb və eyni cavab imkanı yaradılıb. Amma cavablardan aydın görünür ki, Azərbaycan Prezidentindən fərqli olaraq Paşinyan nəinki qeyri-obyektivlik nümayiş etdirib, hətta bəzi suallardan yayınmağa çalışıb. Müsahibənin yaratdığı ümumi mənzərə belədir - bir tərəfdə müasir və güclü Azərbaycanın lideri, digər tərəfdə öz ölkəsini fəlakətə sürükləyən yalançı, avantürist və səbatsız baş nazir...
Müsahibənin əvvəlindəcə çaş-baş qalan Nikolın aparıcının itkilərlə bağlı sualına cavabı gülünc doğurur.

Prezident İlham Əliyev itkilərlə, döyüşlərin dəyərləndirilməsi ilə bağlı suala cavab olaraq, öncə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verib. Daha sonra Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərib, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdiyini deyib. Konkret olaraq itkilərə gəldikdə isə, Prezident həlak olan və xəsarət alan dinc əhali ilə bağlı statistikanı təqdim edərək hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini diqqətə çatdırıb.

Aparıcı Nikol Paşinyana verdiyi eyni suala mahiyyəti üzrə cavab ala bilmir. Sual bir daha izah formasında təkrarlanır. Paşinyan baş verənləri normal şəkildə qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. Onun cavabını qısaca belə ifadə etmək olar ki, "həlak olanlar çoxdur, bu, XXl əsrdə presedentsiz müharibədir, Türkiyə və Azərbaycanın qısa müddətdə Dağlıq Qarabağı nəzarətə götürmək planı baş tutmadı".

Nikoldan fərqli olaraq Prezident İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edib, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını konkret rəqəmlərlə göstərib və özünə güvənən, fikirlərinin həqiqiliyinə əmin olan, qəti mövqe ortaya qoyan qalib lider kimi danışıb. Paşinyan isə özünü fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş kimi təqdim edib. O, ilk baxışdan sanki təzyiq altında olan və sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayıb.

Digər bir maraqlı məqam müxtəlif istiqamətlərdən gələn muzdluların döyüşlərdə iştirak etməsi ilə bağlı sual-cavab olub. Aparıcı Azərbaycan Ordusunda guya muzdluların döyüşməsi barədə yayılan xəbərlərin nə dərəcədə inandırıcı olmasını soruşub.

Ölkə başçısı bir daha bu mövzuya tutarlı cavab verərək deyib ki, Azərbaycan Ordusu böyük potensiala malikdir. O, Ermənistanın darmadağın edilmiş hərbi texnikasının nümunəsində tam məntiqli şəkildə qeyd edib ki, muzdlular bunu etmək üçün heç bir kvalikasiya və texniki imkanlara malik deyillər. Azərbaycan terrorla mübarizənin ön cərgələrində gedən dövlətdir və terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına imkan verə bilməz. Bu günə kimi heç kim Azərbaycan tərəfindən muzdluların iştirakına dair heç bir fakt təqdim etməyib. Qısası, Prezident qəti şəkildə cavab verib ki, Azərbaycanda heç bir muzdlu yoxdur, ola da bilməz.

Müsahibədə dağınıq cavabları ilə yadda qalan Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilməyib. O, xarici mediada ümumi sözlərdən ibarət materialları və feyk məlumatları buna əsas kimi göstərib. Paşinyan avantüra xarakterli cavabında məsələni şişirdilmiş şəkildə təqdim edərək nəinki Suriya, Türkiyənin, hətta Pakistanın adlarını çəkir. Bu ölkələrin hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürüb. Çaşqın vəziyətdə qalan Paşinyan Türkiyə amilini artıq “sübut olunmuş fakt” kimi təqdim edib. Nə qədər gülünc görünsə də, Nikol müharibənin başlama səbəbini onunla izah etməyə çalışır ki, guya Azərbaycan Ordusu Dağlıq Qarabağdakı silahlı birləşmələrə qarşı vuruşmağa qadir olmadığına görə, Türkiyə müharibəyə başlamaq barədə qərar verib.

Buradan bir daha aşkar görünür ki, Paşinyan həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında məğlubiyyətini əsaslandırmaq üçün Dağlıq Qarabağdakı qondarma rejimin Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə çalışır. Yəni, o Azərbaycanın uzun illərdir Dağlıq Qarabağdakı qondarma rejimlə deyil, Ermənistanla qarşı-qarşıya durduğu barədə dünyaya bəyan etdiyi həqiqəti çox bəsit şəkildə “Ermənistan-Dağlıq Qarabağ tandemi Türkiyəyə qarşı” fantaziyası ilə əvəzləməyə cəhd göstərir.

Paşinyanın sayıqlamaları bununla bitmir. O məlum mövzunu daha da böyüdərək dəxilsiz iddialar ortaya atır. Nikol guya Türkiyədən gələn yaraqlıların artıq Dağıstanda göründüyü və məhv edildiyini deyir, bu amili suriyalı yaraqlıların Azərbaycan tərəfindən münaqişədə "iştirakı" ilə əlaqələndirir. Qarşıdurmanın coğrafiyasının genişlənməsi görüntüsü yaratmağa çalışan Paşinyan münaqişənin regional xarakter aldığı iddiası ilə Rusiyanın üzərinə yük qoymaq istəyir, rəsmi Moskvaya nə etməli olduğu barədə mesaj verməyə çalışır.

Həqiqətən Paşinyanın bu cavabı qədim Şərq nağıllarını xatırladır. Onun fikirləri heç bir fakt tapa bilmədiyinə görə icrası çətin olan sifarişi yerinə yetirmək üçün məhdud fantaziyasını işə salmış orta statistik jurnalistin yazdığı cızmaqaraya oxşayır. Görünür, Paşinyan təkcə baş tutmamış rəhbər, siyasətçi deyil, həm də yarımçıq jurnalistdir. O, jurnalist məqaləsini diplomatik nitqdən fərqləndirə bilmir, hesab edir ki, daxili auditoriyaya ötürdüyü yalanları həm də bütün dünyaya bəyan edə bilər. Siyasi savadı, idarəçilik təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan hesab edir ki, daxildə istifadə etdiyi yalanları nöqtə-vergülünə dəymədən beynəlxalq auditoriya qarşısında səsləndirərək Ermənistanın işğalçı siyasətini hədəfdən yayındıra bilər. Bütün dünya erməni terroru haqda geniş məlumata malik olduğu, məhz Ermənistanın terrorçuların, yaraqlıların xidmətlərindən istifadə etdiyi və Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini bildiyi halda, Paşinyan bəsit şəkildə 30 illik Azərbaycan həqiqətini elə Azərbaycanın özünə qarşı çevirməyə çalışır.

Müsahibə zamanı hər iki tərəfə danışıqlarla bağlı baza prinsiplərinin mövcud olması xatırladılıb. “Bu prinsipləri açasınız, siz onları necə başa düşürsünüz?” sualı Paşinyan üçün arzuolunmaz situasiya yaradıb.

Prezident qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verib. O aydın şəkildə göstərir ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və ümumiyyətlə danışıqlar prosesinə böyük zərbə vuruldu. Qeyd edilib ki, Ermənistanın yeni hakimiyyəti aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bəyan etdi və açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladı.

Müsahibəni izləyən hər kəs bu suala cavabdan sonra Azərbaycan Prezidentinin natiqlik məharəti, diplomat təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığını bir daha görmüş oldu. Bu cür izahatdan sonra heç kimdə onun dediklərinə şübhə yeri qalmır.

Sual oluna bilər ki, nəyə görə Prezident İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır. Ermənistanın baş naziri “məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpretasiya edir” deməklə cavabdan qaçır və heç bir detal barədə məlumat vermir. Çünki bu detallar münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın satatusu məsələnin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və bu səbəbdən sualdan ümumi cavablarla yayınır.

Bundan əlavə, Paşinyan “siz hansı kompromisə hazırsınız?”, “Elə bir xətt varmı ki, siz heç bir halda onu keçməyəcəksiniz?” suallarından da ümumi cavablarla yan keçməyə çalışıb.

Prezident İlham Əliyev həmin suala cavabında aydın şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. Prezident İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, Rusiyada, Gürcüstanda bu nümunələrin olduğunu göstərir və nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını sual edir. Prinsipcə, Prezident aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açıb və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edib.

Eyni sual Paşinyana üç dəfə verilir... Ermənistanın baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan yenə kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir deyir ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromisslərə hazırıq”.

Kompromis barədə sualın üç dəfə təkrarlandığı və Paşinyanın dəqiq cavab vermədiyi nəzərə alınarsa, onda Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır. Doğrudan da inkarçılıq mövqeyi tutaraq irəli addım atmaq istəməyən qarşı tərəflə hansı danışıqlar aparmaq olar?

Aparıcı hər iki tərəfə daha bir maraqlı sual ünvanlayıb. O, bu müharibə qəddarlığının artıq tarixə düşdüyünü deyərək bildirib ki, müsahibləri də bu müharibə tarixinin bir hissəsidir. “Tarixdə necə qalmaq istəyərdinz?”, deyə jurnalist soruşub.

Prezident İlham Əliyevin böyük siyasətçi, mahir diplomat kimi suala müfəssəl cavab verib. Dövlət başçımız bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə işğalçı müharibədir. Dağlıq Qarabağdakı silahlı birləşmələrin 90 faizinin Ermənistan vətəndaşları hesabına komplektləşdirildiyini deyən Prezident İlham Əliyev bu gün beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərində Ermənistanın işğalçı qüvvələrinin olduğunu diqqətə çatdırıb.

30 il ərzində azərbaycanlıların öz torpaqlarına buraxılmaması nə beynəlxalq hüquq, nə də insan mənəviyyatı baxımından izaholuna bilməz. Fərq bundadır ki, Azərbaycan əsgəri öz torpağındadır və bu torpaq uğrunda həyatını qurban verir. Ermənistan əsgəri isə onun hakimiyyətinin işğal altında saxladığı başqa ölkənin ərazisində ölür. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür.

Paşinyan isə suala cavab verə bilməyib. O, heç bir aidiyyəti olmadığı halda, bu məsələnin şəxsi ambisiyalarla bağlı olmadığını deyir. Eyni zamanda, münaqişənin özünün də ya anlamadığı, ya izah edə bilmədiyi, ya da ki şüurlu şəkildə qaçdığı kompromis əsasında həll olunması məsələsinə toxunub.

Və nəhayət sonda sərbəst sual bölümü diqqət çəkib ki, burada da dövlət başçılarının cavabları bir-birindən xeyli fərqlənib.

Prezident İlham Əliyev Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəkilik barədə qısa, lakin müfəssəl məlumat verir. Həmçinin, hazırkı dövrdə Azərbaycanın Rusiyaya münasibəti və Azərbaycan-Rusiya əlaqələrinin mahiyyətini çatdırır.

Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Prezidentin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu imkanı öz avantürasını davam etdirmək üçün fürsət kimi istifadə edir. Onun Türkiyənin Cənubi Qafqaza ekspansiyası və Rusiyanın maraqlarına təhdid olması barədə iddiaları daha çox Rusiyanı münaqişəyə cəlb etmək və onun hesabına hər hansı üstünlük qazanmaq məqsədi güdür. Lakin Paşinyan unudur ki, Rusiyanın siyasi rəhbərliyi mövcud reallığı onun qurduğu fantastk ssenarilər əsasında deyil, müvafiq orqanların vəziyyəti öyrənməsi və dərindən təhlil etməsi əsasında qurur. Üstəlik, bir gün öncə Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışıqları və Prezident İlham Əliyevin müsahibəsində Rusiyanın ünvanına dəqiq mesajları bu tipli uydurmaları mənasız edir.

Müsahibədən gəlinən qənaət budur ki, doğrudan da bu gün erməni yalanı, erməni fitnəsi və erməni dezosu Paşinyan tərəfindən misli görünməmiş səviyyədə, fanatikcəsinə gündəmə daşınır. Ümumilikdə isə müsahibədəki cavablar onu deməyə əsas verir ki, Rusiya auditoriyası İlham Əliyevin simasında bir tərəfdən təcrübəli, səlist nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür. Digər tərəfdə isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə, avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin Paşinyan görünür...

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Azərbaycan   İlham-Əliyev   Paşinyan  





Xəbər lenti